Magistraturaya qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 15-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçirəcək.

Bu barədə Gununsesi.info -ya qurumdan məlumat verilib.

İmtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 88 binada təşkil olunacaq.

Bakalavrların imtahan verəcəyi yer onların “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahan başlanandan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara xarici dil fənni üzrə yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

– Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

– “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədlər arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaqlar.

Gununsesi.info