Mahaçqalada baş verən iğtişaşlarda şübhəli bilinən 60 nəfər saxlanılıb - YENİLƏNİB

Mahaçqala hava limanında baş verən iğtişaşların 150-dən çox fəal iştirakçısı müəyyən edilib, onlardan 60-ı saxlanılıb.

Gununsesi.info “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsi məlumat yayıb.

“Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının digər hüquq-mühafizə orqanları ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində qanun pozuntularının qarşısı alınıb. Hazırda hava limanı tamamilə hüquq-mühafizə orqanlarının nəzarətindədir”, – məlumatda qeyd edilib.

Daha əvvəl Dağıstanın Səhiyyə Nazirliyi gecə saatlarında 20-dən çox insanın yaralandığı barədə məlumat yayıb, onların arasında təhlükəsizlik qüvvələri və mülki şəxslər də var.

02:01

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqaladakı hava limanında iğtişaşlar nəticəsində 20-dən artıq insan xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Dağıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Onlardan 10 nəfəri rayon xəstəxanalarındadır, ikisinin vəziyyəti ağırdır.

Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında iğtişaşçılar Mahaçqala hava limanına soxulub. Tel-Əvivdən gələn təyyarənin Mahaçqala aeroportunda enişindən sonra bir qrup şəxs uçuş zolağına çıxıb. Onlar ölkəyə gələn yəhudilərin çıxarılmasını tələb ediblər.

 

Gununsesi.info