Mahmud Abbas ərəb liderləri ilə bölgədəki vəziyyəti müzakirə edib

Fələstin prezidenti Mahmud Abbas Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, İordaniya kralı II Abdullah, Misir prezidenti Əbdülfəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Məlumata görə, danışıqlar zamanı “İsrailin hücumlarının dayandırılması imkanları” müzakirə olunub.

Məhəmməd bin Salmanla söhbətində Abbas Ər-Riyada “sarsılmaz mövqeyinə və Fələstin xalqına güclü dəstəyinə görə” minnətdarlığını bildirib.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi öz növbəsində əmin edib ki, ölkəsi “Fələstin xalqını dəstəkləməyə və əmin-amanlığın və sabitliyin bərpası üçün bütün lazımi səyləri göstərməyə” davam edəcək.

Qətər və İordaniya liderləri ilə danışıqlar zamanı Mahmud Abbas “İsrail ordusunun Fələstinin şəhər və qəsəbələrinə, ilk növbədə Qəzza zolağına hücumlarına son qoymağa” töhfə verə biləcək bütün tərəflərlə qarşılıqlı əlaqənin son dərəcə vacibliyinə diqqət çəkib.

Fələstin prezidenti həmçinin Qəzza zolağına tibbi və humanitar yardımların çatdırılmasının vacibliyini vurğulayıb.

O qeyd edib ki, “bölgədə artan problemlərin yeganə həlli paytaxtı Qüds olan Fələstin dövlətinin ərazisinin İsrail tərəfindən işğalına son qoyacaq siyasi nizamlanmadır”.

Qətər və İordaniya liderləri regionda vəziyyətin deeskalasiyası üçün hər cür səy göstərməyə və bu məqsədlə regional və beynəlxalq səviyyədə bütün maraqlı tərəflərlə əlaqə saxlamağa hazır olduqlarını bildiriblər.

Səid Əhmədli
Gununsesi.info