Dekabrın 20-də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cinayətkar dəstəsinin əsas üzvlərindən biri- MTN-in çoxsaylı cinayətlərinin təşkilatçısı İlqar Əliyevin müəmmalı ölümünün 1 ili tamamlandı.
Gununsesi.info-nun “Yeni Müsavat”-a istinadən məlumatına görə, ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyev E.Mahmudov vəzifəsindən çıxarılandan dərhal sonra – 2015-ci il oktyabrın 17-də həbs edilmişdi.
Az bir vaxtda İ.Əliyevə ittiham elan edib onu Bakı İstintaq Təcridxanasına (BİT) göndərmişdilər. İ.Əliyev BİT-də 2 aya yaxın qaldı və 2015-ci il dekabrın 20-də onunu kəndirdən asılmış meyitini saxlanıldığı kamerada aşkar etdilər. Bu gün də onun ölümünün üzərində sirr pərdəsi qalmaqdadır…
İ.Əliyevin ölümünün ildönümündə dəfn olunduğu Bakıdakı “Qurd qapısı” qəbiristanlığa baş çəkdik. MTN polkovnikinin məzarı qəbiristanlığın dərinliklərində, vaxtilə ermənilərin dəfn olunduğu məzarlıqdan sonradır. Məzarın ətrafında 5-6 qadın dövrə vurub ağlayır, kənarda bir şəxs isə onları müşahidə edirdi. Yaxınlıqda iki bahalı maşın dayanmışdı – Az 10 RM 333 nömrə nişanlı “Range Rover Sport” və Az 10 AR 002 nömrə nişanlı “Toyota Camry”.
Bayaqdan qadınları müşahidə edən şəxs yaxınlaşıb “siz buradasızsa, mən gedim” söylədi. Onun kimliyini xəbər aldım. “İlqar Əliyevin qardaşısız” başının işarəsi ilə “yox” cavabı verib maşına əyləşdi və ərazidən uzaqlaşdı. Qadınlar isə məzarın ətrafında ağlayır, İlqar Əliyevin övladlarının yetim qalmasını dönə-dönə təkrarlayırdılar. Az sonra qadınlar məzarın ətrafından “Range Rover Sport”a tərəf addımlamağa başladılar…
Onu da qeyd edək ki, İ. Əliyevin intiharı ilə bağlı mövzunun bu qədər aktual olmasına gəlincə, o, MTN-də sıradan bir işçi olmayıb. Adı illərlə ictimai-siyasi fəallara qarşı qanunsuz əməliyyatlarda hallanıb.
Eyni zamanda, qeyd edək ki, ötən ilin oktyabr ayında İlqar Əliyevin barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma) maddələri ilə təqsirləndirilirdi.
Gununsesi.info