“Amazon”un qurucusu Jeff Bezos keçmiş həyat yoldaşı Makkenzi Skott ABŞ-dakı xeyriyyə təşkilatlarına 640 milyon dollar (təqribən 1 milyard 88 milyon manat) bağışlayıb.
Gununsesi.info xəbər verir ki, Makkenzi Skott boşanmadan aldığı böyük alimentdən sonra səxavətli ianələri ilə tez-tez gündəmə gəlir.
Skott və Bezos 2019-cu ildə boşanıblar. Boşanmadan sonrakı illərdə Skott ümumilikdə 16,5 milyard dollar pulu ianə kimi paylayıb.
Skott bu il ianələrdən faydalanmaq üçün müraciət edən 6 mindən çox təşkilat arasından 361 kiçik təşkilatı seçdiyini açıqlayıb.
Bunlara Amerika Vətəndaş Azadlıqları Birliyi (ACLU), İmmiqrant Qadınlar üçün Ədalət Assosiasiyası və bəzi psixi sağlamlıqla bağlı birliklər daxildir.
Skott “səsi zəif çıxan, ayrı-seçkilik və sistematik maneələrlə üzləşən fərdlərin və ailələrin səsini eşitdirmək üçün lazımlı işlər görən” birlikləri seçdiklərini söyləyib.
Yazıçı olan Skott Bezosla Amazonu qurmazdan bir il əvvəl evlənib və Skott şirkətin ilk işçilərindən biri olub. Onlar boşananda Skotta şirkətin səhmlərinin 4 faizi düşüb, onun sərvətinin böyük hissəsi buradan gəlir.
“Forbes” jurnalına görə, 37,5 milyard dollar sərvəti olan Skott dünyanın dördüncü ən zəngin qadınıdır.
Skott yaşadığı müddətcə sərvətinin yarısını bağışlamağa söz verib.
Gununsesi.info