Qarışıq döyüş növlərində (MMA) çıxış edən irlandiyalı Konor Makqreqor rusiyalı döyüşçü Həbib Nurməhəmmədovu UFC 254 turnirində amerikalı Castin Qetji üzərində qələbə qazanması münasibətilə təbrik edib.
Gununsesi.info bildirir ki, bu barədə o, özünün tvitter mikrobloqunda yazıb:
“Yaxşı çıxışdır, Həbib. Bir daha sənin atanın vəfatı ilə bağlı başsağlığı verirəm. Sənə və sənin ailənə. Hörmətlə, Makqreqor”.
Qeyd edək ki, UFC-nin çempionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədov ABŞ təmsilçisi Castin Qetji ilə üz-üzə gəlib. 2-ci raundda rəqibinə boğucu fəndlə qalib gələn Nurməhəmmədov bununla da UFC çempionu titulunu qoruyub. O, qələbəsini bu ilin yayında koronavirusdan dünyasını dəyişmiş atasına həsr edib. Bu döyüş rusiyalı idmançı üçün sonuncu olub. Belə ki, Nurməhəmmədov görüşdən sonra karyerasını başa vurduğunu, vaxtının çox hissəsini anası ilə keçirmək niyyətində olduğunu açıqlayıb. Bunadək MMA-da 28, UFC-də 12 döyüşə çıxan Həbib bütün qarşılaşmalarda qələbə qazanıb.
Gununsesi.info