Fransa prezidenti Emmanuel Makron hazırda miqrasiya ilə bağlı referendumlar keçirməyi düşünmür, siyasi liderlər arasında onların təşkili ilə bağlı məsələlərdə razılıq yoxdur.
Gununsesi.info xəbər verir ki, bunu Paris ətrafındakı Sen-Denidə dövlət başçısı ilə görüşdə iştirak edən partiya liderləri bildiriblər.
Solçu Avropa – Ekologiya – “Yaşıllar” Partiyasının milli katibi Marin Tondelyenin sözlərinə görə, belə bir referendum baş tutmayacaq.
“Masa ətrafında konsensus var idi ki, miqrasiya kimi sosial məsələlər üzrə referendumların keçirilməsi imkanlarını genişləndirmək çətin görünür”, – Fransa Kommunist Partiyasının lideri Fabyen Russel deyib.
Eyni zamanda, “Milli Birlik” Partiyasının lideri Jordan Bardella, prezidentin hazırda “bu imkanı nəzərdən keçirmədiyini” söyləyib.
“France Info” qeyd edib ki, o, iclasda bu mövzuda məsləhətləşmələrin aparılmasını müdafiə edən yeganə iştirakçı olub.