
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransanın fəaliyyətdə olan Prezidenti Fransua Olland bəyan edib ki, səlahiyyətlərinin yeni seçilmiş Prezident Emmanuel Makrona ötürülməsi bazar günü, mayın 14-də baş verəcək. Məhz mayın 14-də Ollandın mandatının müddəti başa çatır.
Olland onu da qeyd edib ki, öz xələfinə məsləhətləri ilə kömək göstərməyə hər zaman hazırdır və onu satqın hesab etmir.
2016-cı ildə iqtisadiyyat naziri postundan istefaya gedən Makron, sonra özünün prezidentlik ambisiyalarını elan edib. Onun karyer yolunu şərh edən Olland deyib: «Hansısa anda o, ayrıldı və fransızlara öz layihəsini təqdim etmək, onların qarşısına çıxmaq istədi. O, seçildi, o prezidentdir və indi mənim sayəmdə topladığı təcrübəyə – birlikdə etdiklərimizə söykənib, yolu davam etdirəcək».
«Makron sizə xəyanət etməyib ki?» – sualına, Olland belə cavab verib: «Yox, o, lazım bildiklərini edib, o mənim yanımda olub, sonra isə sərbəst olub».
«Mən ona hər cür uğurlar arzulayıram və o, bilir ki, əgər hansısa informasiya, məsləhət, təcrübə lazım gələrsə, arxayınlıqla mənə müraciət edə bilər və mən, həmişə onun yanında olacam» – deyə, Olland əlavə edib.
Beləliklə, açıq-aydın görünür ki, Makronun prezidentliyi dövründə Fransanın xarici və müəyyən mənada, daxili siyasətində sürpriz heç nə baş verməyəcək. Ollandın açıqlamalarından, yerli siyasi xadimlərin (prezidentliyə digər namizədlərin öz seçicilərini ikinci turda Makrona səs versəyə çağırmaları) və böyük dövlətlərin başçılarının, siyasi xadimlərinin göstərdiyi birbaşa və dolayı dəstəkdən (Məsələn, Almaniya kansleri Merkelin açıqlamaları, ABŞ-n eks-dövlət katibi Klintonun «Makronun qələbəsi – bütün dünyanın qələbsi deməkdir» bəyanatı və s.) açıqca görsənir ki, Makron da prezidentliyi dövründə qlobalistlərin siyasətini davam etdirəcək.
Hazırda dünyanın gəlib çıxdığı acınacaqlı durum (müharibələr, münaqişələr, separatçılıq, terrorçuluq, pərdəli irqi ayrı-seçkilik, ikili standartlarır və s.) isə məhz qlobalistlərin yeritdiyi naqis siyasətin birbaşa və dolayı nəticəsidir.
Gununsesi.info