“Maliyyə axınının qarşısını almalıyıq ki…” - Elmira Axundova

  • By Mayil
  • 28 Oktyabr 2016 16:10

elmira-axundova

Milli Məclisin (MM)  bugünkü iclasında deputat Elmira Axundova da Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı çıxış edib.


Gununsesi.info 
xəbər verir ki, E.Axundova bildirib ki, dini radikalizm,dini fanatizmlə əlaqəli bir çox qanunlara dəyişikliyin müzakirəyə çıxarılması günün tələbidir:“Dünyada və regionda baş verən proseslər fonunda bu addımların atılması, dini radikalizmlə mübarizənin sərtləşdirilməsi labüddür.Əgər yadınızdadırsa, biz hələ bir müddət əvvəl ictimai yerlərə girişlərin, yəni metro, teatr, ali məktəb, ticarət mərkəzlərinin metalaxtaran qurğularla təchiz olunmasını təklif etmişdik. Tədricən bu proses bəzi ictimai yerlərdə başlayıb. Yenə təkrar edirəm ki, qanunvericilikdə edilən dəyişikliklərlə yanaşı qeyd etdiyim həmin məsələnin daha sürəltə icrasına başlamaq lazımdır”. Deputat dəyişiklikləri sözsüz dəstəklədiyini vurğulayıb:

“Amma bununla belə bir sıra təkliflərimi də qeyd etmək istərdim. İlk olaraq Cinayət Məcəlləsinin 167-1.4-cü maddəsinə toxunaq. Burada qeyd olunur:  “Bu Məcəllənin 167-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə 7 min manatdan 9 min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Hesab edirəm ki, bu cür əməllərdə alternativ cəzaların nəzərdə tutulması doğru deyil. Yəni bu əməllərə görə birbaşa azadlıqdan məhrumetmə cəzası tətbiq edilməlidir. Necə ki, 167-1.5-ci maddədə bu əməllərin maliyyələşdirilməsinə görə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur və alternativ cəza yoxdur. Qeyd etmək istədiyim digər məsələ 279.1-1.ci maddə ilə bağlıdır. Həmin maddəyə əsasən “dini düşmənçilik,  dini radikalizm və ya dini fanatizm zəminində bu məcəllənin 279.1-ci maddəsində nəzərdə tutulan silahlı birləşmələr və ya qruplar yaratma, həmin birləşmə və ya qruplarda iştirak etmə altı ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.  Bəs həmin birləşmə və ya qrupları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatlarla təchiz etmə, yaxud bu birləşmələrin yaradılmasında birbaşa iştirak etməsə də, daha sonradan həmin birləşmələri maliyyələşdirənlərə qarşı hansı sanksiyalar nəzərdə tutulacaq? Çox istərdim ki, Cinayət Məcəlləsində bu məsələyə də diqqət ayrılsın və daha ağır cəzalar nəzərdə tutulsun. Çünki bu cür dini radikalizmin kökündə dayanan məhz maliyyə məsələləridir. Biz ilk növbədə bu maliyyə axınının qarşısını almalıyıq. 283.1-1-ci maddəyə görə 283.1-ci maddədə nəzərdə tutulmuş əməllər dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 283.3-cü maddəyə əsasən də bunların maliyyələşdirilməsinə görə 3 ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma nəzərdə tutulur. Mən hesab edirəm ki, maliyyələşdirmə dini radikalizmdə ən əsas faktordur, buna görə də daha sərt şəkildə cəzalandırılmalıdır. Qısacası 283.3-cü maddədə daha ağır cəzanın tətbiq olunmasını təklif edərdim”.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info