Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən iş planına uyğun olaraq, 2016-cı ilin birinci yarısında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə Dövlət Universitetinə və Biləsuvar Rayon Təhsil Şöbəsinə, Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Dövlət Aqrar Universitetinə, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin layihələndirilməsi və tikilməsi üçün Nəqliyyat Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb, Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti təftiş olunub.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, 2016-cı ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı tərəfindən aparılan yoxlamalarla dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına artıq ödənilməsi aşkar olunmuş 1445,48 min manat vəsaitin təqsirkar şəxslər tərəfindən büdcəyə bərpası təmin edilib, normativ hüquqi aktların tələblərinə uyğun olmayan əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişlikləri tərəfindən iş planına uyğun olaraq, müvafiq rayonların (şəhərlərin) ərazilərində yerləşən büdcə təşkilatlarında aparılan nəzarət tədbirləri ilə aşkar olunmuş 2341,28 min manat məbləğində artıq və əsassız ödənişlərin 730,58 min manatı təqsirkar şəxslər tərəfindən büdcəyə bərpa edilib, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ağcabədi Rayon Təhsil Şöbəsində 897,59 min manat, 1 nömrəli Gəncə Peşə Məktəbində 37,37 min manat, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsində 672,0 min manat, cəmi 1606,96 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq müvafiq tədbirlər görülməsi üçün həmin nəzarət obyektləri üzrə yoxlama materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib, qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış sinif komplektləri və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan qruplar, müxtəlif vəzifələr üzrə normadan artıq saxlanılmış ştat vahidləri ləğv edilib, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.
Yuxarıda göstərilənlərlə bərabər xidmətin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun məktublarına əsasən 24 təşkilatda, o cümlədən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyində, Məlumat Hesablama Mərkəzində, “Aztelekom”, “Azərpoçt”, “Optik Rabitə Tikinti və Quraşdırma” və “Azİntelekom” məhdud məsuliyyətli cəmiyyətlərində, “Rabitə-Tikinti” Açıq tipli Səhmdar Cəmiyyətində, Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun maddi-texniki təminat şöbəsində, Təhsil Nazirliyinin Cəlilabad Rayon Təhsil Şöbəsində, Səhiyyə Nazirliyinin Ağcabədi Rayon Mərkəzi Xəstəхanasında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 5 saylı Tibbi-Sosial Ekspert Komissiyasında, “Yeni Sabah” qeyri-hökumət təşkilatında, 6 orta məktəbdə və 5 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə prokurorluq orqanlarının təqdimatlarında və qərarlarında qeyd olunan suallar yoxlanılmış yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
İlin birinci yarısında aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na uyğun olaraq müvafiq protokollar tərtib edilib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 407 vəzifəli şəxsə 251,8 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına, rayonlar üzrə maliyyə idarələrinə məktublar göndərilib.
Xatırladaq ki, hələ bir müddət əvvəl Gununses.info Eldar Mahmudovun dövlət büdccəsindən nazirlik üçün ayrılan pulları mənimsəməsi barədə xəbər yaymışdı. Həmin xəbərdə qeyd olunurdu ki, keçmiş milli təhlükəsiz naziri və onun yaxın ətrafı büdcə vəsaitlərini talan eləyiblər. Bi Maliyyə Nazirliyinin MTN ləğv olunandan sonra apardığı yoxlamalar zamanı üzə çıxıb. Artıq göründüyü kimi xəbərimiz təsdiqlənib. Yəqin ki, Eldar Mahmudova və onun ətrafına əlavə korrupsiya ittihamlarının irəli sürüləcəyi gözlənilir.
Gununsesi.info