Manat həqiqi mənada “üzən məzənnəyə” keçmədiyindən taleyi sual altındadır - ƏLİ MƏSİMLİ İLƏ MÜSAHİBƏ

  • By admin
  • 09 Mart 2018 13:36
 
Son günlərdə yenidən manatın ucuzlaşması və problemli kreditlərlə bağlı məsələlər gündəmə gəlib. Artıq ekspertlər birmənalı şəkildə manata ciddi təzyiqlərin olduğunu dilə gətirir və bununla bağlı öz təkliflərini verirlər. Bununla yanaşı  Azərbaycanda problemli kreditlər sahəsində də xoşa gəlməyən mənzərənin yarandığı və bunun da bank və maliyyə sektorunda  ciddi sorunlara  yol aça biləcəyi bildirilir.
Gununsesi.info yaranmış bu vəziyyətlə bağlı Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Əli Məsimliyə müraciət edib.

– Əli bəy, bir sıra ekspertlər bildirirlər ki, manata ciddi təzyiqlər mövcuddur. Onlar hesab  edirlər ki,  Mərkəzi Bankın məzənnə siyasəti düz olmadığından, manata təhlükə gözələnilir. Siz necə düşünürsünüz?
 
– 2015-ci ilin iki şok devalvasiyasından sonra gedən proseslərin təsiri altında 1 dollar 1,92 manat səviyyəsinə enən manat, 2017-ci ilin fevralından başlayaraq yenidən bir qədər nominal dəyər qazanıb və hazırda 1 dollar 1,7 manat ətrafında qərarlaşıb. 2015-ci ilin 21 dekabrındakı ikinci şok devalvasiyadan sonra Mərkəzi Bank “üzən məzənnə” rejiminə keçdiyini elan edib.Amma beynəlxalq təcrübədən məlumdur ki, üzən məzənnə rejimi belə olmur. Bu tənzimlənən üzən məzənnə, həftəsonu və bayramlarla əlaqəli bir sıra hallarda isə fiksə olunan məzənnə rejimidir. Bu rejimi tətbiqi məqbul hesab olunan zaman kəsiyindən uzun olanda fısadları da artır. Əgər manat tam üzən məzənnə rejiminində fəaliyyət göstərsəydi və milli valyutamızın məzənnəsi onun bazar dəyəri ətrafında nisbi sabitlik nümayiş etdirsəydi, həmçinin manatın məzənnəsinə təsir edən bütün fundamental amillərin durumu valyutamızın xeyrinə işləyib, sabitliyini şərtləndirsəydi, onda manatın sabitləşməsini birmənalı şəkildə müsbət dəyərləndirmək olardı. Lakin hələlik manata birbaşa və dolayı yolla təsir edən daxili və xarici amillərin bir hissəsi dayanıqlı şəkildə manatın xeyrinə işləmir. Bu baxımdan manat ətrafındakı risklər hələ qalmaqdadır. İqtisadi qanunauyğunluqların məntiqindən çıxış edib demək olar ki, 2017-ci il fevralın əvvəllərindən başalayaraq dollara nisbətdə manatın məzənnəsinin artmasının səbəbləri aydın olsa da, bunun fundamental iqtisadi əsasları zəifdir. Ona görə də manat beynəlxalq təcrübədən məlum olan üzən məzənnə rejiminə tam keçəndə təbii ki, onun məzənnəsində müəyyən qalxıb-enmələr olacaq. Manatın bu ilin ikinci yarısından məzənnəsinin dəyişəcəyi barədə verilən müxtəlif proqnozlara gəldikdə isə, xarici amillərdən doğan təzyiqləri tam proqnozlaşdırmaq mümkün olmadığından, bu proqnozdan daha çox mülahizələrdi… Çünki manata təsir edən daxili və xarici amillərin hər birinin rolunu inkar etmədən, belə bir reallığı da nəzərə almaq lazımdır ki, hazırda manatın əleyhinə və leyhinə işləyən amillərin hansının təsirinin o birini üstələyəcəyi xeyli dərəcədə Mərkəzi Bankın yeritdiyi məzənnə siyasəti kontekstində davranışlarından asılı olacaq.
-Hazırda manatın əleyhinə və leyhinə işləyən amillərdən hansının təsiri daha güclüdür?
-Manatın məzənnəsinə həm daxili, həm də xarici amillər təsir edir. Daxili amillər içərisində iqtisadiyyatımızın real, maliyyə və sosial sektorlarının durumu, ölkədən kapital axınının sürəti və həcmi, ölkənin və Mərkəzi Bankın valyuta ehtiyatları sarıdan vəziyyət,  onun yeritdiyi məzənnə siyasəti, maliyyə və bank sektorunun problem və çətinlikləri, bank sisteminin davranışları, psixoloji amillər, spekulyativ amillər və sair əsas yer tutur. Hazırda sadaladığımız daxili amillərin hər birində özünəməxsus problemlər var. Məlum olduğu kimi, 2016-cı ildə ÜDM-in 3,8 faiz azalıb. Bu, ölkə iqtisadiyyatının 2,3 milyard manatlıq yeni dəyər itirməsi və ya elə o qədər kiçilməsi deməkdir. 2017-ci ildə iqtisadiyyatımızın geriləməsi dayandı. Rəsmi hökumət proqnozlarına görə ÜDM-in 2018-ci ildə 1,5 faiz, 2019-cu ildə 2,8 faiz artımı gözlənilir. Bu, Azərbaycan iqtisadiyyatının ləng artım templəri ilə inkişaf trayektoriyasına keçməsi deməkdir. Əgər islahatları dərinləşdirib, artım templərini artıra bilməsək, onda təkcə 2016-cı ildəki 3,8 faizlik enmənin yerini doldurmaqdan ötrü 2017-ci, 2018-ci illər bütövlükdə, üstəgəl 2019-cu il ilin isə birinci rubunə qədər zaman lazım gələcək. Manatın durumu iqtisadiyyatımızın durumundan asılı olduğundan, təbii ki, sözügedən bu amil cari ildə olmasa da, sonrakı ildə manata da təsir edəcək. Amma hazırda Azərbaycan manatı üçün daxili amillər baxımından elə bir ciddi təhlükə yoxdur. Ciddi xarici kataklizmlər baş varməsə, məzənnə siyasətində kobud səhvlər baş verməsə, bu il manat öz nisbi sabitliyini saxlaya bilər.
-Bəs, ekspertlərin manata təhlükənin Mərkəzi Bankın yeritdiyi məzənnə siyasəti ilə yanaşı daha çox xarici amillərdən qaynaqlandığını bildirirlər. Bu  nə dərəcədə realdır?
 -Ona görə də bayaq qeyd etdiyimiz kimi, xarici amillərin təsiri daim diqqətdə olmalıdır. Azərbaycanın maliyyə bazarının qlobal maliyyə bazarı ilə əlaqəsi zəif olsa da,hər halda Azərbaycan iqtisadiyyatı bir sıra cəhətlərinə görə qloballaşan dünya iqtisadiyyatının inteqral tərkib hissəsi olduğundan,orda gedən proseslərin ölkəmizin iqtisadiyyatına təsiri təbiidir. Manata təsir edən xarici amillər içərisində dünya iqtisadiyyatında gedən kataklizmli proseslər, xarici şoklar, dünya bazarında neftin qiyməti, FES-in dollarla bağlı yeritdiyi siyasət, siyasi amillərin təsiri ilə dünya iqtisadiyyatında yaranan yeni meyllər və neftin qiymətindəki qeyri-müəyyənliklər, Azərbaycanın daha çox ticarət etdiyi ölkələrin milli valyutalarının durumu və sair bu kimi amillər daha ciddi rol oynayır. Manatın məzənnəsinə təsir edən amillər içərisində dünya bazarında neftin qiyməti və ondan asılı olan neft gəlirlərimiz mühüm yer tutur. Bu il neftin orta illik qiyməti indiki 65 dollar səviyyəsində qalsa, onda manat da sabit qalacaq, 2018-ci ilin büdcəsində nəzərdə tutulan 45 dollardan aşağı ensə, onda manata təzyiq də güclənəcək və görülən tədbirlərin keyfiyyəti qənaətbəxş olmasa, məzənnə aşağı düşə bilər. Dünya iqtisadiyyatındakı mənfi meyllər inkişaf etməkdə ölan ölkələrin milli valyutalarına təsir etmək səviyyəsinə çatsa, təbii ki, manat da bir qədər aşağı-bir qədər yuxarı olmaq şərtilə, bu prosesdən kənarda qalmayacaq. Azərbaycanın xarici ticarətində 2,6 milyard dollar payla Türkiyə 12 faizə yaxın, Rusiya 2,1 milyard dollar payla 9,5 faizə yaxın, Çin 1,3 milyard dollar payla 5,8 faizə yaxın xüsusi çəkiyə malikdir. Ötən ilin statistikasına görə, Azərbaycanın idxalında Rusiya 18 faiz payla birinci, Türkiyə 15 faiz payla ikinci, Çin 10 faiz payla üçüncü yeri tutub. Deməli bu ölkələrin iqtisadiyyatlarındakı və milli valyutalarındakı dəyişikliklər bir qədər aşağı, bir qədər yuxarı olmaqla Azərbaycan manatına da təsir edə bilər. Ötən il rus rublu və Çin yuanı ABŞ dollarına nisbətdə 6 faizdən çox bahalaşıb. Ötən il olduğu kimi türk lirəsi bu il də ucuzlaşmağda davam etsə, bu il rus rublu və Çin yuanı ucuzlaşmağa başlasa və ABŞ-da FES uçot dərəcəsinin artırmaqda davam etsə, bu amillər birbaşa olmasa da, investisiyalara və inkişaf etməkdə olan ölkələrin valyutalarına mənfi təsir etməklə manata da təsir edə bilər. Hökumət və Mərkəzi Bank öz siyasətində belə amilləri nəzərə almalıdır.
-Bəs manatın nisbi sabitliyinə müsbət təsir edə biləcək amillər nə dərəcədə güclüdür?
– Manatın nisbi sabitliyinə müsbət təsir edə biləcək amillər içərində ilk növbədə neftin qiymətinin qalxıb-enməsinin ölkənin tədiyyə balansına təsiri vasitəsilə manata olan təzyiqin azalmasını xüsusi qeyd etmək lazımdır. Əgər 2015-2016-cı illərdə tədiyyə balansında mənfi saldo var idisə, 2017-ci ildə 1,4 milyard dollar müsbət saldo oldu. 2017-ci il ərzində manatın dollara nisbətdə məzənnəsinin 1,92 manatdan 1,70 manata doğru dəyişməsində, ortalama rəqəmlə isə 4 faiz möhkəmlənməsində məlum süni amillərlə yanaşı, tədiyyə balansındakı müsbət meyllərin də mühüm rolu oldu. Cari əməliyyatlar hesabında ÜDM-in 4 faizinə yaxın səviyyədə profisit yaranıb. Bu ilin əvvəllərində müşühidə oluna bəzi mənfi meylləri aradan qaldırıb, qeyri neft ixracının artımının və idxalın daralmasının sürətləndirlməsi işi bu ilin qalan ayları ərzində davam etdirilə bilsə, həmin müsbət meyl daha da güclənə bilər. Xarici ticarət balansında da ötən il 6,7 milyard dollar müsbət saldo alındı. Dövlət Neft Fondunun valyuta bazarına çıxardığı dollarlar da manantın sabit nisbi saxlanılmasına təsir edir. Bunlar manata müsbət təsir göstərən amillərdir. Amma xarici ticarətdəki bu müsbət saldoya qeyri neft ixracının və idxalın azalmasının təsiri olsa da, bu daha çox ixracın dəyərinin xam neft üzrə 65 faiz artmasının aparıcı rolu hesabına əldə olunub. Xarici ticarətdə ixracımızda neft, qaz və neft məhsullarının payı 89 faizə yaxın,  qeyri neft sektorunun payı isə 1,7 milyard dollar və ya cəmi 11 faizdir. Manatın məzənnəsinin xarici amillərin təsirini minimuma endirmək və neftin dünya bazarındakı qiymət konyukturundan asılılığını azaltmaqdan ötrü qeyri neft sektorunu inkişaf etdirib onun ixrac imkanlarını heç olmasa 5-6 milyard dollara çatdırmaq lazımdır. Yerli istehsalı inkişaf etdirib xalq istehlakı mallarının istehsalını genişləndirmək və idxalı əvəzləmək hesabına idxalda yeyinti məhsullarına xərclədiyimiz puldan hər il 1 milyard dollara qədər valyutaya qənaət etmək olar. Bu da manatın məzəənnəsinə müsbət təsir edər.
-Manatın məzənnəsinin yaxın illər üçün dinamikası necə olacaq?
– Manatın bu ilə və yaxın illərdəki məzənnəsinə dair müxtəlif proqnozlar verilir. Bir proqnoza görə, manat möhkəmlənib və hələ bir müddət də indiki 1 dollar = 1,7 manat ətrafında qalacaq. Başqa proqnoza görə, bu ilin ikinci yarısında manat dəyər itirməyə başlayacaq, ya da bu il sözügedən həmin nisbətdə sabit qalsa da, 2019-cu ilə 2 manata çatacaq. Başqa bir proqnoza görə isə manat/dollar nisbəti aşağısı 2,2 manat, yuxarısı 2,8 manat səviyyəsində olacaq. Manat, sözün həqiqi mənasında “üzən məzənnə”yə keçmədiyindən və hazırda onun məzənnəsi real kursa uyğun olmadığından belə şəraitdə məzənnəni dəqiq proqnozlaşdırmaq mümkünsüzdür.Bu halda bu deyilənlərin də hamısı ciddi arqumentlərə əsaslanan dəqiq proqnoz yox, tendensiyalara əsaslnan mülahizələrdir. Əslində Mərkəzi Bank manata nisbətdə normal siyasət yeritsə, manatın məzənnəsinin yaxın illər üçün dinamikası da məlum olar. Məsələn,2018-ci il və ondan sonrkı illər üçün MDB-nin əsas neft ölkəsi olan Rusiya-ucuz neft və zəif rubl siyasətinə, ikinci neft ölkəsi Qazaxıstan -ucuz neft və nisbi sabit tenge siyasətinə əsaslanır. Azəbaycan isə ucuz neft və sabit manat siyasəti yeritdiyini desə də, əslində hazırkı siyasət qeyri-müəyyən manat siyasətinə əsaslanır. Manatın 2018-ci il və sonrakı illər üçün proqnozları məlum olmayan şəraitdə ölkəmizə ciddi investorların gəlməsi və böyük həcmli sərmayə qoyması müşkül məsələdir. Postsovet məkanın aid olan 3 əsas neft ölkəsindən ikisində-Rusiya və Qazaxıstanda 2018-ci il və ondan sonrakı illərin büdcəsinin əsasına qoyulan əsas prinsiplər- həmin ölkələrin iqtisadiyyatının neftdən asılılığını azaltmaq və fiskal dayanıqlıqdır. Azərbaycanda da 2013-cü ildən sonra iqtisadiyyatın və büdcənin neftdən asılılığınn azaldılması siyasətinə keçmişdi. Amma təəssüf ki, yenidən 2018-ci il büdcəsinin əsasına qoyulan əsas prinsip büdcənin və ölkə iqtisadiyyatının neftdən asılılığını gücləndirməkdir. Hökumətin yenidən kohnə siyasətə qayıtmasını mənfi qiymətləndiririk. Fikrimizcə, geopolotik vəziyyətin qarmaqarışıq olduğu və neftin qiymətinin proqnozlaşdırılmasının getdikcə daha da çətinləşdiyi hazırkı mərhələdə büdcələrini, iqtisadiyyatlarını və milli valyutalarını xarici konyukturdan, xarici şoklardan asılılığını azaltmaq siyasəti yeridilməlidir. Manatın dayanıqlığını etibarlı şəkildə təmin etməkdən ötrü, yerli istehsalın yerli tələbatı ödəmə və xarici valyuta qazanma imkanlarndan dolğun və səmərəli istifadə edilməlidir. Qeyri-neft sektorunun inkişafının kəmiyyət, keyfiyyət və səmərəlilik göstəricilərinin yaxşılaşdırılması, rəqabət qabliyyətinin yüksəldilməsi, idxalı əvəz edən və ixrac yönlü məhsul istehsalının artırılması hesabına həm idxalı əvəz edib valyuta ehtiyatlarımıza qənaət edilməsi və həm də ixracı artırıb əlavə valyuta qazanılması işinin əhəmiyyətinin artırılması sahəsindəki işlərin sürətləndirilməlidir. Maliyyə sisteminin yeni çağırışlara cavab baxımından sağlam və innovativ əsaslar üzərində yenidən qurulması işi sürətləndirilməlidir. Milli valyutanın-manatın dayanıqlığının təmin və ona inamın bərpa edilməsi, qeyri neft sektorunda istehsalı stimullaşdıra bilən maliyyə-bank sisteminin yaradılmalıdır. “Üzən məzənnə”rejiminə keçid bazar iqtisadiyyatının fundamental prinsiplərinə əsaslanmalıdır. Yəni bazarda valyutaya olan tələb-təklif əsasında proses gedir və buna əsasən milli valyutanın – manatın məzənnəsi formalaşır. Bu halda manatın məzənnəsində müəyyən enmələrin olacağı labüd olsa da, hazırkı 1dollar = 1,70 manat nisbətindən kəskin uzaqlaşan ciddi dəyişikliklərə məruz qalmamasını təmin etmək olar.
 -İkinci məsələ isə problemi kreditlərlə bağlıdır. Siz və bir sıra millət vəkilləri  dəfələrlə bu barədə SOS siqnalı vermisiniz. Bu günlərdə də maliyyə institutları son aylarda problemi kredit daha 3,4 fazi artığını bəyan ediblər. Problemli kredit məsələsinin həlli yolu tapılmazsa ölkə iqtisadiyyatına, manata hansı təhlükələr yarada  bilər?
 – 2015-ci ilin ilk devalvasiyasına qədər problemli kreditlər 1 milyard manatın altında olub, təhlükəli həddən xeyli aşağı idi. İndi problemli kreditlərin həcmi təhlükəli həddi keçərək 2 milyard manata doğrü gedir. Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var. Hökumət bu problemin həllini dondurmaq siyasəti yeritməklə əslində həm də hər gün, hər hətfə, hər ay özünün də bu problemi həll etmək şansını da itirməkdədir…. Vəziyyətin yaxşılaşdırılması istiqamətində sanballı addımlar  atılmasa,  maliyyə bazarları və bank sisteminin problemləri daha da ciddiləşəcək. Bu isə iqtisadiyatımızda əlavə ciddi problemlər yaradacaq. Məhkəmə işlərinin xeyli hissəsi kreditlərlə bağlı olub və onların  normal fəaliyyətə mane olur. Bu əhaliyə və banklara da çox mənfi təsir göstərir. Bu, ölkədə iqtisadi fəallığın artması qarısında maneyə çevrilib. Kredit qoyuluşları azalır. Hələ 2 il əvvə deputat həmkarım Vahid Əhmədovla birlikdə maliyyənin  sağlamlaşdırılmasına dair Tədbirlər Paketi hazırlayıb aidiyyatı orqanlara təqdim etmişik. Həmin Tədbirlər Paketi ümumi maliyyə sağlamlaşdırılması kontekstində xarici valyutada olan kreditlərlə bağlı əhalinin və biznes strukturlarının düşdüyü ağır vəziyyətdən çıxarılmasını da nəzərdə tutur. Mərkəzi Bank buna razı olsa da, aidiyyəti hökumət strukturları razı olmadı. Bizim verdiyimiz təkliflər xarici valyutada olan kreditlər ətrafında yaranmış problemin kəskinliyini xeyli azalda bilər. Bu məsələdə bizim mövqeyimiz ictimaiyyətə məlumdur: dollarla olan kredit probleminin ağırlığı dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali arasında dörd yerə bölünür. 5000 dollara qədər – imkan olsa, 10 000 dollar – olan borcların 1dollar = 1,05 manatdan, ondan böyük məbləğlər 1 dollar = 1,20 – 1,30 manat intervalında olan məzənnə ilə qaytarılması… Fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul etməsi, şəhid ailələrı, kimsəsizlər, aşağı pensiya alan pensiyaçılar, krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlərin isə məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlanması. Əvəzində dövlətin banklara birbaşa və dolayısı ilə dəstək verməsi, bu əsasda bankların fəaliyyətinin normallaşdırılması və sair. Problemli kreditlərin xeyli hissəsi ümidsiz kreditlərdi, yəni qaytarılması mümkün olmayacaq. Məsələyə bu baxımdan yanaşıldıqda dollarla olan kredit borclarının bir hissəsinin kompensasiya və silinməsi variantlarına da getmək olar. Məsələn, martın 6-da Milli Məclisin plenar iclasında Azərbaycan prezidentinin Milli Məclisə əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edən  “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi təsdiq edildi. Qəbul edilən həmin layihəyə görə məcburi dövlət sosial sığorta üzrə əhalinin və sahibkarları  üst-üstə götürdükdə 182 milyon milyon manat borcu silinəcək. Həmin məbləğin 2 misli səviyyəsində vəsait hesabına əhalinin dollarla olan kredit borcları problemini xeyli yumşaltmaq olar. Bunu nəzərə alaraq biz martın 6-da Milli Məclisin plenar iclasında  “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” çox zəruri bir qanun layihəsinə görə cənab prezidentə təşəkkür etdik və xarici valyutada olan kredit borclarının tənzimlənməsi haqqında da qərarın verilməsi xahişi ilə müraciət etdik.
Mürtəza Bünyadlı
Gununsesi.info