Maraq münaqişəsi: “Azərxalça”, yoxsa “Azər İlmə”

  • By admin
  • 29 Yanvar 2022 10:35

Ölkənin 11 rayonunda fəaliyyət göstərən xalçaçılıq müəssisələrində 2018-ci il ərzində 5,5 min kvadratmetrdən artıq xalça toxunub. Bunu hökumətin illik fəaliyyəti barədə parlament üzvləri qarşısında hesabatında Baş nazir Novruz Məmmədov deyib.

Hökumət başçısı bu müəssisələrin yun iplik üzrə idxaldan asılılığının aradan qaldırılması üçün Sumqayıt Kimya Sənaye Parkında yunəyirici-boyaq fabrikinin inşasına başlanıldığını da deputatların diqqətinə çatdırıb. Xalçaçılığın inkişafına dövlət büdcəsi hesabına on milyonlarla manat sərmayə yatıran hökumət hələlik bu sahədən nə zaman gəlir götürüləcəyini açıqlamayıb.

2012-ci ildə sənaye müəssisələrində əllə toxunan 1,9 min kvadratmetr xalça istehsalından 5 il sonra məhsul buraxılışı 3,4 dəfə azalmışdı. Bu il isə dövlətə məxsus “Azərxalça” ASC-nin ölkənin müxtəlif regionlarında yaradılan 20 müəssisədə xalça toxunması prosesi sürət götürməkdədir. Lakin 2016-cı ilin sonunda qurulan bu şirkət hələ bir bir müddət sosial layihə statusu daşımağa məhkumdur. 1600 işçinin çalışdığı bu xalçaçılıq müəssisəsində 2019-cu ilin fevral ayının 1-dək ümumi sahəsi 6432 kvadratmetr metr olan 1890 xalça toxunub.

Şirkətin mətbuat xidmətinin rəhbəri Tural Səfərovun sözlərinə görə, emaldan keçmiş 1234 m2-lik 427 ədəd xalça müştərilərə satılıb. “Azərxalça” ASC-nin sözçüsü satışların rentabelli olmadığını, şirkətin fəaliyyətinin dövlətin dəstəyindən asılı olduğunu bildirməklə yanaşı əlavə edir ki, “yaxın gələcəkdə “Azərxalça” özü-özünü həm xammal, həm də maddi baxımdan təmin edən, rentabelli və ölkəyə valyuta gətirən quruma çevriləcək”.

Hazırda isə xalçaçılığı rəqabər qabiliyyətli biznes kimi dəyərləndirmək çətindir. Dövlət Statistika Komitəsi 2018-ci ildə xalça və xalça məmulatı istehsalının 3,2 dəfə artdığını bildirir. Emalatxanalarda 1783,1 kv.m hazır xalça kəsilib. Lakin anbarlarda olan hazır xalça bundan 11,4 faiz çox idi. Bu ilin iki ayında da istehsal tempi yüksək olaraq qalır: xalçaçılar 447,3 kv.m, ötən ilin yanvar-fevral aylarında olduğundan 3,6 dəfə çox hazır xalça istehsal ediblər. Amma anbarlarda təxminən 2,2 min kv.m xalça alıcısı gözləyir.

“Azərxalça” ASC həm yerli, həm də xarici bazarlarda Azərbaycan xalçasının satış bazarının genişləndirilməsindən ötrü marketinq çalışmalarının aparıldığını, artıq ABŞ, Yaponiya və Rusiyaya ixracata başlanıldığını bildirir. Rəqəmlər açıqlanmasa da, Dövlət Gömrük Komitəsinin 2018-ci ilə dair ixracat göstəriciləri ürəkaçan deyil. Qurumun məlumatına görə, il ərzində xarici ölkələrə 412,1 kv.m xalça və xalça məmulatının satışından cəmi 17250 ABŞ dolları vəsait daxil olub. Gömrük məlumatlarına inansaq, əl işi olan 1 kv.m Azərbaycan xalçası 41,85 ABŞ dollarına satılıb. Bu, xammal da daxil olmaqla onun toxunuşuna sərf olunan vəsaitdən xeyli azdır.

Səhmdar cəmiyyəti 2018-ci ilin maliyyə nəticələrini açıqlamayıb. Əvvəlki ildə inzibati xərclər də daxil olmaqla “Azərxalça” ASC 600 min manatdan çox zərərlə işləmişdi.

Bu il daha 11 xalça emalatxanası tikilib istifadəyə verilməklə, “Azərxalça” ASC-nin nəzdindəki fabriklərin sayı 31-ə çatdırılacaq. Təkcə ötən il Naxçıvan da daxil olmaqla 11 bölgədə xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılmasına prezident İlham Əliyevin sərəcamları ilə SC-yə 24,4 milyon manat vəsait ayrılıb. Əvvəlki iki ildə isə şirkəti istehsal potensialının yaradılmasına 45 milyon manat sərmayə qoyulmuşdu. Dövlətin xalçaçılığa olan diqqəti ölkədə qadınlar arasında işsizliyin yüksək olması fonunda atır. Bölgələrdə işsizliyin aradan qaldıdılması və sosial narazılığın azaldılması məqsədi güdən bu layihəni gəlir gətirən biznesə çevirmək üçün müəyyən addımların adılmasına ehtiyac var.

İlk növbədə şəffaf bazar münasibətləri əsasında xalça satışını alıcılara “daha yaxın etmək” üçün təşəbbüs tələb olunur. Bunun üçün şirkətin korporativ internet səhifəsində hazır xalçaların istehsal tarixi, ölçüləri və digər məlumatlarla yanaşı http://azerxalca.az/mehsullar/740-shirvan-xalchasi-no505/, ilkin qiyməti də ilə yazılması məqsədəuyğundur. Emalatxanalarda hazır xalçalara baxış günləri təşkil oluna, onların nümayişi üçün yerlər ayrıla bilər. Bundan başqa, gələcəkdə “anbara işləməməkdən ötrü” xalça emalatxanaları seriya istehsalı ilə deyil, müştərilərdən sifariş əsasında işləməyə üstünlük verməlidirlər. Dənizkənarı parkdakı Xalça muzeyi təkcə “Azərxalça” üçün deyil, digər istehsalçılar üçün də biznes platforması rolunu oynaya bilər.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini Vidadi Muradov http://azerxalca.az/haqqimizda/idare-heyeti/ daşıyır. 2016-cı ilin iyununda bu təyinata qədər xalça toxunması ilə məşğul olan özəl “Azər İlmə” MMC-nin direktoru idi. 1994-cü ildən fəaliyyət göstərən bu şirkətin Gəncədə, Abşeron, Qazax, Quba, Lerik, Şəki və digər rayonlarda emalatxanaları var. Şirkət 300 nəfərlik kollektivinin olduğubu bildirir. Vidadi Muradov həm də bu şirkətin təsisçisidir http://azerilme.az. Göründüyü kimi, eyni profilli özəl şirkətdə təsisçi hüquqlarına sahib olması onun maraq toqquşması zəminində dövlət xalçaçılıq şirkətinə rəhbərlik etməsində ziddiyyət yaradır.

2018-ci ilin fevralında Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”qəbul edilib. Sənəddə əl xalçası istehsalına vergi güzəştlərinin tətbiqi, əllə xalça istehsalı müəssisələrinə güzəştli kreditlərin verilməsi və qrantların ayrılması nəzərdə tutulur. Bundn başqa, proqramda hökumətə Azərbaycana satiş üçün gətirilən əllə toxunmuş xalçalara xüsusi rüsumun tətbiq etmək tapşırılıb.

Hafiz Babalı