MARAQLI YAZI: Mükaşifə, yoxsa hipnotizm?

  • By arzu
  • 15 İyun 2020 17:54

Mükaşifə, qeyri-maddi aləmlərə etiqad bəsləyən insanlar üçün çox maraqlı mövzulardandır. Çox təəssüf ki, bu qüdrət hamıda yoxdur. Lakin dövrümüzdə o qədər yalançı insanlar vardır ki, belə bir qüdrətə malik olduqlarını iddia edirlər. Onların nəzərinə görə, istədikləri şəxsi mələkut aləminə apara bilirlər.

Lakin həqiqət budur ki, mükaşifə elmi Məsumlara (ə) aid bir elm olmuşdur və onların o qədər qüdrəti olmuşdur ki, başqalarını mələkut aləminə apara bilirdilər. O kəs mükaşifə qüdrətinə malik ola bilər ki, nəfsini tərbiyə etsin və bu yolla ali məqam olan qürb məqamına çata bilsin.

Bu gün dövrümüzdə hipnotizm elmi altında insanları aldadan çox sayda fırıldaqçı vardır. Onlar insanları qaranlıq otağa salır və öz sözləri ilə desək, onları başqa aləmə aparmağa çalışırlar. Bu insanlar qarşılarında olan şəxslərə təlqin edirlər ki, həmin şeyləri görürlər və onlar da bunun həqiqət olduğunu qəbul edirlər. Gördükləri xəyaldır, ancaq onu gerçək kimi qəbul edirlər. Ondan keçdiklərini və həmin aləmdə qərar tutduqlarını iddia edirlər. O zaman ki, bu qaranlıq otaqdan çıxırlar, elə təsəvvür edirlər ki, ya kimisə görüblər və ya onunla danışıblar.

İslam dinimiz bu cür əməlləri qəbul etmir və bəyənmir. O kəs ki, mükaşifə qüdrətinə malik olar, istədiyi zaman bərzəx gözünü açar və istədiyi zaman onu bağlayar. Təqvalı insan vacibatlarını yerinə yetirməklə yanaşı, müstəhəb əməllər sayəsində ali məqamlara çata bilər. Ancaq niyyəti sadəcə bu məqama çatmaq olmamalıdır. Bu işdə əsil hədəf – İlahi qürb məqamı olmalıdır.

Beləliklə deyə bilərik ki, hər kəs mükaşifə elminə malik ola bilməz. Bu elm Məsumlara (ə) aid olan bir elmdir. Təqvalı insan əgər nəfsini tərbiyə edərsə və müstəhəb əməlləri ixlasla yerinə yetirərsə, o zaman bu qüdrətə malik ola bilər. Ancaq o kəslər ki, hipnozimlə məşğul olurlar, onların bu qüdrətə malik olması mahaldır, qeyri-mümkündür. İnsanlara nələrisə təlqin edərək, həqiqət kimi göstərə bilərlər. Ancaq onların mükafişə qüdrəti yoxdur və onlar insanları başqa aləmə aparmaq qabiliyyətinə malik deyildirlər.

 

Gununsesi.org