“BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Etimad Fondu çoxtərəfdaşlı fond olacaq və hazırda bu təsisatın katibliyinin yeri ilə bağlı müzakirələr aparılır”.
Bunu Gununsesi.info-ya BMT-nin Avropa İqtisadi Komissiyasının regional müşaviri Mario Apostalov bildirib.
Onun sözlərinə görə, fondla bağlı ilkin baxış artıq formalaşıb və ölkələrlə məsləhətləşmələr davam edir.
M.Apostalov hesab edir ki, Azərbaycan həm SPECA, həm də BMT ilə əməkdaşlığı uğurla inkişaf etdirir:
“SPECA 25 il əvvəl yaradılıb və bu dövr ərzində unikal bir alətə çevrilib. Məqsəd yeni yaranan dövlətlərə dəstək göstərmək, onların iqtisadiyyatlarının Avropaya inteqrasiyasına, qarşılıqlı əməkdaşlığın qurulmasına dəstək göstərməkdir.
Son illər pandemiya, maliyyə, geosiyasi böhranlar səbəbindən SPECA ölkələri yeni çağırışlarla üz-üzədir və buna görə də ölkələrimizin daha sıx əməkdaşlığa ehtiyacı var. Azərbaycan bunu çox yaxşı başa düşür. Bu il SPECA-ya sədrlik Azərbaycandadır. Azərbaycan Transxəzər əməkdaşlığı sahəsində böyük irəliləyişə nail olub”.
Regional müşavir əlavə edib ki, BMT konvensiyaları və standartları çərçivəsində ən yaxşı təcrübələrin tətbiqinə dair məsləhətləşmələr aparır, nəqliyyatların inkişafına dair nümunələr, rəqəmsallaşmaya dair istiqamətlər təqdim edir.
Qeyd edək ki, BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilib. Azərbaycan SPECA Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq
Xatırladaq ki, SPECA 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. Bu il SPECA-ya sədrliyi Azərbaycan həyata keçirir.
Gununsesi.info