“Mariya Zaxarovanın Azərbaycan jurnalistləri ilə bağlı dediklərinə sərt münasibət bildirilməlidir” - ƏFLATUN AMAŞOV

  • By admin
  • 02 May 2017 17:54

1435306349_eflatun-anmashov

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Azərbaycan jurnalistlərini aşağılayıb. 

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün Milli Məclisdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son günlər ölkəmizin ictimai fikrində daha çox müzakirə edilən məsələlərdən biri də Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın davranışıdır.

“Onun azərbaycanlı jurnalistin sualına cavabı etik normaların, həmçinin vəzifə səlahiyyətlərinin kobud surətdə aşılmasıdır. Bildiyiniz kimi, xanım Zaxarova Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən girovda saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı suala ümumən Azərbaycan jurnalistlərini aşağılayaraq cavab verib. Bu davranış media ictimaiyyətində təəccüb, təəssüf və ikrah hissi doğurub. Mətbuat Şurasının yaydığı bəyanatda bu məqam vurğulandı. Mən bu salondan ölkə jurnalistlərinin mövqeyini bir daha səsləndirirəm və hesab edirəm ki, məsələyə parlament səviyyəsində də sərt münasibət bildirilməlidir”- deyə, Mətbuat Şurasının sədri vurğulayıb.

Ə.Amaşov hesab edir ki, xanım Zaxarovanın fikirlərində aşkar nəzərə çarpan təzyiq, təhdid və təhqir meylləri onun ümumən Dağlıq Qarabağ həqiqətlərinə biganəliyindən, məsələnin həssaslığına əhəmiyyətsiz yanaşmasından qaynaqlanır: “Halbuki erməni əsirliyində saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi Azərbaycanı düşündürdüyü qədər Rusiyanı və bu ölkənin cəmiyyətini də düşündürməlidir. Ancaq görünən budur ki, Zaxarova və zaxarovalar buna qarşıdır. Onlar şəxsi hiss və baxışlarını peşəkar müstəviyə daşımaqdan əl çəkmirlər. Nəzərə alsaq ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı durum ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın da maraq dairəsindədir, ölkənin münaqişəyə dair həssaslığı Mariya Zaxarovanın leksikonundakı tonda olmamalıdır”.

Millət vəkili əlavə edib ki, Azərbaycan və Rusiya dövlətləri arasındakı əlaqələr yüksək səviyyədədir: “Bunu zaxarovalara görə korlamaq düzgün deyil. Sadəcə Rusiya XİN təmsilçisinin Dilqəm Əsgərovun taleyi qismində Azərbaycanın haqq işi ilə bağlı suala biganəliyinə seyrçi qalmaq da düzgün deyil. Bir daha bildirirəm ki, Azərbaycan parlamenti də məsələyə münasibətini bildirməlidir. Çünki xanım diplomatın ortaya qoyuduğu mövqe, yəni Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli suala gözlənilməz cavabı ikitərəfli münasibətlərin hazırkı ahənginə qətiyyən uyğun gəlmir. Bunu biz düşünürüksə, Rusiya tərəfi də düşünməlidir”.

Mürtəza

Gununsesi.info