Maroş Şevçoviç Bakıda 4 ölkənin nazirləri ilə görüşlər keçirəcək

  • By admin
  • 20 Fevral 2017 15:49

sevcovic

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç fevralın 23-də Bakıda təşkil ediləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası üçüncü iclası çərçivəsində 4 ölkənin nazirləri ilə görüşlər keçirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında məlumat verilir.

Bildirilir ki, M.Şevçoviç fevralın 23-də Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclasında məruzə ilə çıxış edəcək. Həmçinin Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Bakıda Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Monteneqronun iqtisadiyyat naziri Draqitsa Sekuliç, Yunanıstanın ətraf mühit və energetika naziri Georgios Statakis və İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda ilə görüşlər keçirəcək.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclasında iştirakı ilk qəbul edənlərdən biri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti M.Şevçoviç olub.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü bu layihənin strateji əhəmiyyətini yüksək qiymətləndirən, eyni zamanda, onun enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirməsi perspektivlərinə böyük önəm verən Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Energetika Nazirliyinə tapşırılıb. “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da Bakıda keçirilib.

Gununsesi.info