Martın 5-də doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

  • By admin
  • 01 Mart 2017 16:04

9-cu sinif

Martın 5-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək.

DİM-dən Gununsesi.info-ya bildiriblər ki, həmin gün ümumilikdə 40 min 124 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11.00-da başlanacaq.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: imtahana buraxılış vərəqəsini; şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 79 imtahan mərkəzi təşkil olunub.

İmtahanların idarə olunmasına ümumilikdə 244 imtahan rəhbəri, 2 min 852 nəzarətçi‑müəllim ayrılıb.

Gununsesi.info