Gununsesi.info APA-ya istinadən xəbər verir ki, ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, cənub bölgəsi ekzogen-geoloji proseslərə məruz qalan ən aktiv ərazilərdən biridir.
Ekspedisiya rəisi bildirib ki, Masallı-Zuvand yolunda yerləşən Güllütəpə kəndində vətəndaşlara verilən pay torpaqlarında sürüşmə baş verib: “Sürüşmənin uzunluğu 300-350 metr, eni 75-80 metr, qırılma qaşının hündürlüyü 4-5 metrdir. Sürüşmə artıq evə çatıb, bir ev təhlükəli vəziyyətlə üzləşib”.
Ə. Qaralov deyib ki, Lerik rayonunun Davradibi kəndində 2 yaşayış evində lokal sürüşmə-çökmə hadisəsi baş verib: “Hər iki evə təhlükə gözlənilir. Bundan başqa, Lerik rayonu Bürsülüm kəndinin cənub hissəsində uzunluğu 500-600 metr, eni 1 metrə, qırılma qaşı 0,5-dən 1,2 metr olan çat müşahidə olunur. Bundan 30-40 metr aralıda uzunluğu 150-200 metr, eni 40-50 metr, qırılma qaşı 0,8-1,6 metr olan sürüşmə sahəsi əmələ gəlib. Bu sürüşmə sahəsi yenidir. Sürüşmə aktiv fazadadır və hazırda davam edir”.
Ə. Qaralov onu da qeyd edib ki, Piran-Veri-Əliabad yolunun 12-14-18-ci km-də çox saylı çökmə və uçqunlar baş verib.
Gununsesi.info