Masallıda 17 yaşlı qız qaçırıldı

Masallı rayonunda 11-ci sinif şagirdi olan 17 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.

Gununsesi.info xəbər verir ki, hadisə martın 9-da qeydə alınıb. Universitetə hazırlaşan və repetitor yanından evə qayıdan qız bir neçə nəfər tərəfindən maşına mindirilərək qaçırılıb. 18 yaşı noyabrda tamam olacaq şagirdin ailəsinin polisə müraciətindən sonra o tapılıb və ailəsinə təhvil verilib.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev  bildirib ki, hazırda faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır: “Müraciətlə əlaqədar keçirilən müvafiq tədbirlər nəticəsində qızın yeri müəyyən olunub və gətirilərək ailəsinə təhvil verilib. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, Azərbaycanda nikaha daxil olma yaşı 18 yaş müəyyən edilib.

Gununsesi.info