Maşın bazarında durğunluq:

  • By admin
  • 21 Yanvar 2022 09:22

Azərbaycana idxal olunan avtomobillərə tətbiq edilən gömrük rüsumunun artırılmasından sonra maşın bazarında durğunluq yaranıb. Gömrük rüsumunun qaldırılması avtomobil bazarında qiymətlərin artmasına səbəb olub. Bu da öz növbəsində alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarıb. Mövcud vəziyyəti nə satıcıları qane edir, nə də alıcıları…

Bəs bu il vəziyyət necə olacaq? Ölkənin avtomobil bazarında hansı yeniliklər gözlənilir?

Nəqliyyat eksperti, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı maşın bazarındakı son vəziyyət barədə Modern.az-a danışıb.

Onun sözlərinə görə, ilin əvvəlindən rüsumların artması səbəbindən maşın bazarında ciddi durğunluq var:

“Hazırda maşın bazarında durğunluq müşahidə olunur. Bunun da başlıca səbəbi ilin əvvəlindən başlayan qiymət artımıdır. Çünki rüsumların artırılması bazar qiymətinə öz təsirini göstərib. Bununla yanaşı, bu il bəzi avtomobillərin aksiz dərəcəsi mühərrikinə və ilinə görə artırılıb. Yəni 7 ildən köhnə olan, mühərrikin həcmi 3 min kub sm-dən yuxarı olan avtomobillərdə aksiz dərəcəsi qalxıb. Təsəvvür edin ki, mühərrikin həcmi 5700 kub sm-dən yuxarı olan avtomobillərin aksiz dərəcəsi təxminən 14 min manat bahalaşıb. Dizel mühərrikli avtomobillərdə 50 %, digərlərində isə 20 % artım var.

Bundan əlavə, dizel mühərrikli avtomobillərin qiymətində də artım var. Hansı ki, bu avtomobillərə Azərbaycanın maşın bazarında böyük təlabat var idi. Xüsusən, imkanı aşağı olan insanlar bu avtomobili dizel mühərrikinə görə əldə edirdilər. Aksiz dərəcəsi qalxdığı üçün artıq bu mühərriklərə də maraq azalacaq”.

Ekspert qiymətlərin ucuzlaşmayacağını, alıcıların isə gözləmə mövqeyində olduğunu vurğulayıb:

“Bu gün bu səbəblərə görə, avtomobil alqı-satqısında iştirak edən şəxslər gözləmə mövqeyindədilər. Azərbaycanda maşın bazarını alverçilər tənzimləyir. Onlar istədikləri vaxt qiyməti artırıb, endirə bilirlər. Ona görə də avtomobilini satmaq, dəyişmək istəyənlər prosesinin nəticəsini gözləyirlər. Çünki heç kəs avtomobilini ucuz qiymətə satıb, baha qiymətə almaq istəmir. Hamı gözləyir ki, bazarda aydınlıq yaransın, vəziyyətin necə davam edəcəyi məlum olsun.

Təcrübəyə əsasən deyə bilərəm ki, qiymətlər ucuzlaşmayacaq. Düşünürəm ki, avtomobil bazarında hansı vəziyyətin yaranacağı mart ayından sonra tam aydınlaşacaq”.

 

 

E.Muradlının sözlərinə görə, bu il maşın bazarında mühərrikin həcmi aşağı olan avtomobillərə keçid dövrü başlayacaq:

“Bu ilin əvvəllərində ilk bir neçə ay avtomobil bazarında alıcılıq qabiliyyəti çox aşağı düşəcək. Təbii ki, aksiz vergisi artığı üçün bu il elektromobillərə, hibridlərə daha çox maraq olacaq. Çünki dövlət tərəfindən onlara daha çox güzəştlər edilir. Digər tərəfdən bu il mühərrikin həcmi aşağı olan avtomobillərə keçid dövrü başlayacaq. Artıq dünyanın bir çox ölkələri bu mərhələyə keçib. Azərbaycan da bu addımı atdı. Ötən il rekord sayda ölkəyə avtomobil gətirilmişdisə, bu il bu say aşağı düşəcək. Ötən il elə gün olurdu ki, 600-650 maşın ölkəyə gətirilirdi. Bu proses yavaş-yavaş bərpa olunacaq”.

Gununsesi.info