Maşınla dəmiryol keçidini keçməyə cəhd edən sürücü öldü

  • By admin
  • 11 Fevral 2023 18:48

Bu gün saat 09:45 radələrində ADY-yə məxsus teplovoz Saatlı-Becar mənzilində hərəkətdə olarkən Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Qəşəm Gülhüseyn oğlu Hüseynov idarə etdiyi 90-BE-797 dövlət nömrə nişanlı “VAZ 0126” markalı avtomobillə dəmiryol keçidini keçməyə cəhd edib. 

Bu barədə ADY-dən bildirilib.

“Təəssüflə qeyd edirik ki, maşinist tərəfindən təcili tormozlanma aparılsa da, toqquşma qaçılmaz olub. Hadisə nəticəsində sürücü xəsarət alıb və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən həyatını itirdi” – açıqlamada qeyd olunur.

Hazırda hadisə aidiyyəti üzrə araşdırılır.

ADY nəqliyyat vasitələrinin sürücülərinə bir daha çağırış edərək bildirir ki, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” qanunun 44-cü bəndinə əsasən, sürücülər dəmiryol keçidlərinə yaxınlaşarkən xəbərdarlıq nişanlarına riayət etməli, keçidə 10 metr qalmış avtomobili saxlamalı, qatarın yaxınlaşmadığına əmin olmalı, yalnız bundan sonra hərəkət etməlidirlər. Qanunun tələblərinə riayət etməyərək, dəmiryol keçidlərinə qəfil keçmə hallarında maşinist tərəfindən səs siqnalları verilərək tormozlanma aparılsa da, bu kimi hallar qaçılmaz olur.

Gununsesi.info