Çoxdandır, Qismət Rüstəmovdan nəsə qaralamaq istəyirdim. Ona görə yazmaq yox, qaralamaq deyirəm ki, artıq onun haqqında da ciddi-ciddi nələrsə yazmağa ehtiyac yoxdur. Çoxdan yazmamağıma bir səbəb də Qismətin mənim “20-ci sahə” kitabımın adı altında şəxsiyyətimə ilişməsi idi.
Detallara çox girmirəm, xarici görünüşüm, mahiyyətində dərinlik olan bığım haqqında da təhqiramiz ifadələrinə həmin an acıqlı görünməmək üçün nəsə demədim. Çünki doğrudan da acıqlı deyildim. Bir qədər təəssüf etdim, vəssalam. Üstəlik, Qismət mənim mədəni günlərimə düşüb, yoxsa bu sözə görə onu yaşadığı Yasamal rayonunda “Qanlı göl” adı bilinən məkanda “iminnavat” edərdim. Allah üzünə baxıb. Aylar sonra cavab yazısı yazmağa səbəb də dərs vermək, özü demiş, üslubumca master-klass göstərməkdir.
Amma biz ondan fərqli olaraq abrımıza sığınacaq, yüksək intellekt sahibi, öz etika və estetikası ilə seçilən Qismətin başqa bir yazıçı haqqında yazarkən “öz üslubu” deyib, etikadan kənara çıxmasına fikir bildirməyəcəyik. Yaxşı olar ki, hərə öz ədəbini göstərsin. Bu isə mənim ona olan son dərəcə hörmətimdən irəli gəlir.
Əlbəttə, Qismət Rüstəmov kimi intellekt sahibinin öz intellektinə arxalanıb yazı yazmağından ziyadə guya ki, mənim üslubumda yazması məsələnin birinci gülünc tərəfidir. Amma mən inanıram ki, Qismət səhvini sonradan da olsa başa düşüb. Odur ki, kəmərləri bərkidin, siqaretin külünü yerə vurun, Qismət, sən isə içkinin ağzını aç, amma hələ süzmə.
Getdik… Qismət Rüstəmov müasir ədəbiyyatında ən yaxşı kamuflaj olan müəlliflərdəndir. O, hamının etdiyini edər, dediyini deyər, sən hamını qınayarsan, amma onu yox. Onun ədəbi siyasəti olduqca şaxəlidir. Sözsüz, burada Qismətin insan kimi yaxşı, həqiqi dost olması da önəmli faktordur.
Məsələn, bu günə qədər bu sözləri onu yaxşı insan, dost gördüyüm üçün deməmişəm. Üstəlik, Qismətin intellektindən kənara danışması, yazması gülməli görsənir, yəni heç alınmır da. Öz aləmində mənimlə də məzələnən Qismət abiyə məzələnmək necə olur, gənclik göstərsin.
Bir sözlə, Qismət müəllim, “içimi sana döksem, beraber toplarmıyız?” Söz yox, Qismətin intellekti hər kəsə məlumdur.
Amma gəlin baxaq: ?O, necə və niyə kamuflaj olub? Bəs kimdir həqiqi Qismət? Kim tanıyır onu?
Nədənsə, onun şeirləri də, o şeirləri sevənlər də mənə həmişə qəribə gəlib. Üstəlik, şairin sevənləri də bir qədər fanatikdir, dost-tanışlıq aşiqidirlər deyə, çox bir şey də demək olmur. Amma məlum olan odur ki, o, şair filan deyil. Yəni, şükür Allaha, qafiyəni yanbayan qoyub qımıldana bilir, di gəl, onlar şeir deyillər ki, deyillər. Qisməti ən yaxşı halda esseist kimi təqdim etmək yaxşıdır. Yəni, təyinatı üzrə. Niyə onun boynuna şairlik qoyurlar? Fikir verin, onun məşhur şeirlərindən mənasız şeirləri yazsa-yazsa yenə özü yazar. Gəlin, məşhur şeirlərinə diqqət edək: …
Bir də var səssiz ağlamaq durduğun yerdəcə.
Qapıları bağlamaq, adamsız bir gecə. …
Bir də var eləcə susmaq, susmaq eləcə.
Sükuta qulaq asmaq, ev-ev, küçə-küçə. …
Bir də var it kimi darıxmaq, Bir də var it kimi darıxmaq,
Bir də var it kimi darıxmaq, Bir də var it kimi darıxmaq…
Vallah, ayıbdır, bu it kimi darıxmaqdan konkret əl çəkmək lazımdır. Baxırsan, normal adam kimi darıxanı da yoxdur.
Cəlil Cavanşir orda darıxır, Şəhriyar Del Gerani burda deyir, it kimi darıxıram, Qismətin şeirindəki it isə adamı tutur. Yenə yaxşıdı, quduz deyil, bir ağız da sən hürən kimi qaçır. Ayıb deyilmi? Buna necə şeir deyək? Doğrudan insanların zövqü bu qədər korlanıb? İndi heç kim demir ki, Qismətin şairliyi sıfırın altındadır, incəvara üstünə çıxıb, bir-iki yaxşı misra yazıb. Onların isə çörəyini uzun müddət yemək olmaz. Romantiçni şeirlərlə qızların ürəyini ovsunlayan şeirlərin elə ancaq o səviyyədə qalacağını Qismət məndən də yaxşı bilir. Üstəlik, özü də etiraf etməlidir ki, bir-iki yaxşı şeir yazıb tükəndi. Və bu illər ərzində Qismət daxil digər dostlar da oxucunu romantika ilə aldatdılar.
Qəribədir, ustadlıq zirvəsinə ucalmaq istəyən Qismətin özünün də bir ədəbi mətnini görə bilmədik ki, görək, bu cavan oğlan nə yaza bilir? Axı şair deyir özünə, axı yazıçı deyir özünə. Hanı mətnin, müəllim? Mətn qoy, elə danışaq də. Yəqin ki, heç görə də bilməyəcəyik. Onu nə vaxt dindirsən, deyir, bir roman yazıram, gəl görəsən. Amma harada, necə yazır, bilən yoxdur.
Deyəsən, Qismət Rüstəmov yavaş-yavaş şizofren olur. Məsələn, əvvələ qayıtsaq mənə maraqlıdır ki, Rüstəmov bir haldakı ədəbi tənqidi vacib sayır, gənclərdən çox sərt yazmağa qərar verir, ədalət hissini itirmir, bəs niyə elitar qaqaş Şamxal Həsənovun “Səs və Qırmızı” adlı mənasız romanından mənə yazdığı kimi yaza bilmir? O yazını oxumayanlar oxusun, oxuyanlar da təkrar etsin. Qəribədir ki, heç kim heç nə başa düşmür. Yəni, abimiz nala-mıxa vurub. Nədir, yoxsa Şamxalın ilk romanında tənqidlik məqam görməyib? Görübsə, niyə yaza bilməyib? Bu suallar Qismətə yox, oxuculara ünvanlanıb ki, düşünsünlər. Əgər o yazını oxuyub başa düşə bilən adam varsa, xahiş edirəm, mənə də izah etsin, aydınlanım.
Qismətin kamuflaj olmasını elə həm də o yazıdan görmək olar. Bəs yaxşı, amansız tənqidçi Rüstəmovun Vahid Məmmədlinin detektiv romanından yazdığı yazını oxuyan var? Yoxdursa, “namyok” verdim, oxuyun. Məsələn, Qismət niyə keçmiş prokuror, əziz dostumuz Vahid bəyi niyə tənqid edə bilmir? Yoxsa, o detektiv romanlarda tənqidlik məqam görmədi? Ya görübsə, nəyə görə göz yumub? Düşünməyib ki, adamın qabağına qoyarlar belə şeyləri, deyərlər, nə yemisən, turşulu aş?!
Hələ onu da demirəm ki, ballandıra-ballandıra ustadım dediyi Kamal Abdulladan nəinki tənqidi yazı, heç tənqidi bir cümlə də deyə bilməz. Əlbəttə, biz buna görə Qismət abimizi qınamırıq, heç kimi çörəyi ilə sınağa çəkmirik. Hətta Qismət bunu istəsə də edə bilməz. Çünki onun ustadı Kamal Abdulla tənqidi sevmir, onu tənqid edənləri bağışlamır. Əks halda inanmıram ki, yüksək intellekt sahibi Qismət Kamal Abdullada bircə dənə də tənqidlik məqam görməsin. “Yok daha neler. Yapmasana. Bırak kolumu acıtıyorsun”.
Təkcə Kamal Abdulla məsələsində onu başa düşə bilərəm. Amma məsələn, Qismətdən fərqli olaraq keçmiş müdirim, dostum, deputat, yazıçı Aqil Abbası işçisi olanda da onu tənqid etmişdim. Amma Qismət Kamal müəllimə qarşı sıfırın yanlnda da bir söz deyə bilməz.
Haşiyə: Sənətkar, indi görürsənmi “muskulu” necə göstərirlər? Bunlar hələ xırda məqamlardır. Onlarla belə nümunə gətirib adamı necə lazımdırsa, biabır etmək olar. Heç onu da demirəm ki, mənə yazdığı, Qismən razılaşdığım tənqidində Aztv ritorikası da özünü göstərir. Bir yandan da AYB intonasiyası. “İrina Qasparyan” hekayəmi Əkrəm Əylisliyə bağlamaq, kodlarla xəyanətkar ittihamı etmək nerden baksan kral haraket. Sözsüz, bütün suallar ritorikdir, hamısının cavabını bilirik.
Ona görə də əziz Qismətə bir tənqidi ki, başqalarında da görüb nələrəsə görə göz yumub edə bilməyəcəksənsə, etməmək tövsiyyə olunur.
Təəssüf ki, bu cür ədalətli yox, ancaq qərəzli olmaq olur. Öz nəsildaşları haqqında nəsə deyə bilməmək, özündən əvvəlki salam-məleyki olan adamlara güzəştə gedib, xeyli gənc və istedadlı adamda səhv görüb sevinmək, bunu təhqirlə birləşdirib demək heç də yaxşı hərəkət deyil.
Bu, nə ədəbiyyatda yaxşı qəbul olunur, nə də digər yerlərdə. Əlbəttə, bütün bunları Qismətə mən öyrətməli deyildim, o indiyə çoxdan arif adam olmalı idi ki, bu günə qalmasın.
Təhqiramiz yazısı ilə “lotuluq” edən Qismətin yazısınında bir cümlə var idi: “Yandır abinin siqaretini” Qismət abi, zərər yoxdur, yandırarıq, amma yazının əvvəlində içkini açıq saxla demişdim.
Odur ki, indi süz abinin “rumka”sına bir əlli qram!
Orxan Saffari
Xüsusi olaraq, Gununsesi.info üçün