Mayis Bərxudarov niyə sərəncama götürüldü?: - Hərbi ekspertdən açıqlama...

Xəbər verdiyimiz kimi, general-leytenant Mais Bərxudarov 2-ci ordu korpusunun komandiri vəzifəsindən azad edilərək sərəncama götürülüb. Mətbuatda və sosial şəbəkədə isə onun adının “Tərtər cinayəti”ndə hallandığının şahidi oluruq.

Məsələ ilə bağlı Gununsesi.infoya danışan Hərbi ekspert Ramil Məmmədli sözügedən müzakirələri bu cür şərh edib:

“Hərbçilərin yer dəyişməsi, əslində, tamamilə normal haldır. Bu, bütün dünyada belədir. Lakin Mais Bərxudarovun yer dəyişməsi mətbuatda, sosial şəbəkədə müxtəlif formada təhlil olunur. Hesab edirəm ki, bu, doğru deyildir. Adıçəkilən hadisələrlə bağlı məhkəmənin qərarı, istintaqın gəldiyi qənaəti müzakirə etmək daha doğru olar. Son zamanlar görürəm ki, zabitlərlə bağlı-xüsusi ilə müharibədə fərqlənən şəxslərlə bağlı arzu olunmaz fikirlər səsləndirilir. Bu, Azərbaycan ordusunun maraqlarına ziddir. Bərxudarovla bağlı olan “Tərtər hadisələri” ilə bağlı da onu demək olar ki, o, ilk növbədə həmin istiqamətdə xidmət aparmayıb. Onun xidməti Beyləqan istiqamətində olub. Demək ki, bu məsələlərə aidiyyatı yoxdur. Amma Beyləqan istiqamətində xidmət aparanların cavab verməsi vacibdir. Hər bir halda məhkəmə bu məsələlərə yekun hüquqi qərar verməlidir. Mais Bərxudarovun sərəncama göndərilməsi heç də onun xidmətdən kənar fəaliyyəti ilə bağlı deyil. O, kifayət qədər xidmət edib və bir hərbçinin əldə edə biləcəyi bütün üstünlükləri də əldə edib. İstər əvvəllər, istərsə də müharibədə. Mən Bərxudarovun hansısa məsələ ilə bağlı tərəfini saxlamaq və onun nə iləsə bağlı çövqeyini dəstəkləmək fikrim yoxdur. Amma onu demək istəyirəm ki, yüksək çinli zabitin adı hallandırılmamışdan öncə istintaq materialları tanış olmaq və elə istintaqın gəldiyi qənaəti əsas hesab etmək lazımdır”, – deyə ekspert bildirib.

Qeyd edək ki, Gununsesi.info-ya hazırda sərəncamda olduğunu deyən Mayis Bərxudarov vəzifəsini itirməsini belə qiymətləndirib: 

“Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam”.

“Orduda yeni yüksək təyinat gözləyirsinizmi” sualına gəlincə, general-leytenant belə deyib:

“Əşi, bu söhbətin başını buraxın. Bu barədə məlumatsızam”.

Orxan Saffari

Gununsesi.info