Gununsesi.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev general-mayor Mayis Şükür oğlu Bərxudarova “general-leytenant” və kontr-admiral Sübhan Kamal oğlu Bəkirova “vitse-admiral” ali rütbəsinin verilməsi ilə bağlı müvafiq sərəncamlar imzalayıb.
Mayis Şükür oğlu Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub.
O, uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş növü ilə məşğul olub. 1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Mayis Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 1993-cü ildə Mayis Bərxudarov cəbhəyə yollanmağı qərara alsa da, general Valeh Bərşadlı onu yanına çağırıb və cəbhəyə yollanmaq üçün hələ tez olduğunu bildirib.
Baş leytenant Mayis Bərxudarov Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli 735 nömrəli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
2016-cı il aprelin 1-5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mayis Bərxudarov döyüşlər başlayan kimi özü də əsgərlərə qoşularaq, Lələtəpə yüksəkliyini və onkilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştirak edib.
Mayis Bərxudarov Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2012-ci il tarixli 2305 nömrəli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. Ona Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə general-mayor rütbəsi verilib.
Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Füzuli rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Mayis Bərxudarov “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Gununsesi.info