McDonald’s Rusiyada bütün restoranların fəaliyyətini dayandırır

  • By admin
  • 09 Mart 2022 09:03

McDonald’s şirkəti Rusiyada bütün 850 restoranının fəaliyyətini müvəqqəti dayandırdığını elan edib. Şirkət bunun səbəbinin Rusiyanın Ukrayna ərazisinə hərbi hücumu ilə əlaqədar olduğunu bildirib. Bu barədə McDonald’s şirkətinin mətbuat xidməti məlumat yayıb.

McDonald’s Rusiyada bizneslərin nə vaxt bərpa edilə biləcəyini hələ bilmədiyini bildirib və ölkədə humanitar vəziyyəti yaxından izləyəcəyinə söz verib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi prezident Vladimir Putinin göstərişi ilə fevralın 24-də başlayıb. Rusiya prezidenti Kremlin addımlarını iddia etdiyi kimi, NATO-nun Rusiya sərhədlərində genişləndirilməsi ilə əsaslandırıb. Ukrayna və NATO bu iddiaları inkar edir.

ABŞ və Qərb ölkələri Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq Moskvaya qarşı sərt sanksiyalar tətbiq edib. Yüzlərlə korporasiya və brend Rusiyada fəaliyyətini dayandırdığını elan edib. Google, Facebook, Instagram, YouTube da daxil olmaqla, onlayn platformalar və sosial şəbəkələr Rusiya istifadəçiləri üçün girişi qismən məhdudlaşdırıb.

Martın 8-də Shell korporasiyası Rusiyanın enerji sektorunda neftdən tutmuş təbii qaza qədər bütün məhsullarla bağlı fəaliyyətini mərhələli dayandırdığını elan edib. Onun ardınca British Petroleum şirkəti də Rusiya neft və qazını almağı dayandıracağını açıqlayıb.

ABŞ prezidenti Co Bayden martın 8-də ABŞ-ın Rusiyadan neft və qaz idxalını dayandıracağını bəyan edib.

Gununsesi.info