MDB-nin Antiterror Mərkəzi ekspert məsləhətləşmələri keçirəcək

  • By admin
  • 06 Dekabr 2016 21:20

mdb

MDB-nin iştirakçısı olan ölkələrin terrorizmə və ekstremizmin digər zorakılıq təzahürlərinə qarşı mübarizə məsələlərində ixtisaslaşan təhlükəsizlik orqanları bölmələrinin və xüsusi xidmət orqanları nümayəndələrinin VI Regional ekspert məsləhətləşmələri dekabrın 7-də Bişkekdə keçiriləcək.

Gununsesi.info BELTA-ya istinadla xəbər verir ki, tədbirin gündəliyinə Birlik ölkələrində terrorizmə və zorakı ekstremizmə qarşı mübarizənin praktiki məsələlər kompleksi, onun “İslam Dövləti”, “Cəbhət ən-Nusra”, “Taliban” hərəkatı, “Türküstan İslam Partiyası – Özbəkistanın İslam hərəkatı” və digər beynəlxalq terror təşkilatlarının fəaliyyətindən irəli gələn ümumi təhdidlər fonunda profilaktikası məsələləri daxil edilib.

MDB-nin Antiterror Mərkəzinin mətbuat bürosunun məlumatında deyilir: “Əcnəbi silahlıların–terrorçuların öz ölkələrinə qayıtması şəraitində milli və regional təhlükəsizliyin təmin edilməsi; Birlik ölkələrinin səlahiyyətli orqanlarının beynəlxalq terror təşkilatlarının sosial şəbəkələr və Mərkəzi Asiya regionuna göndərilən emissarlar vasitəsilə həyata keçirdikləri cəlbetmə fəaliyyətinin üzə çıxarılması və qarşısının alınması üzrə fəaliyyəti məsələləri ekspert məsləhətləşmələrinin diqqət mərkəzində olacaq”.

Gənclərin dini radikallaşdırılmasına, onların terrorçu və ekstremist fəaliyyətə cəlb edilməsinə qarşı mübarizəyə yönələn profilaktik işlərin aparılmasına dair təcrübə mübadiləsi planlaşdırılır.

MDB-nin iştirakçısı olan ölkələrin təhlükəsizlik, xüsusi xidmət və hüquq mühafizə orqanlarının milli təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə əlaqələndirilmiş fəaliyyəti xətti ilə MDB ölkələrində terror təhdidlərinin və ekstremizmin digər zorakılıq təzahürlərinin azaldılmasına istiqamətlənmiş təklif və tövsiyələri yekun sənədində öz əksini tapacaq.

Tədbirə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan və digər ölkələrin, MDB-nin iştirakçısı olan ölkələrin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun, MDB Sərhəd Qoşunları Komandanları Şurasının Əlaqələndirmə Xidmətinin və digər qurumların nümayəndə heyətləri dəvət olunub.

Regional ekspert məsləhətləşmələri MDB Antiterror Mərkəzinin təcrübə mübadiləsi, habelə Birlik məkanında terrorizmə və ekstremizmin digər zorakılıq təzahürlərinə qarşı mübarizədə razılaşdırılmış yanaşmanın formalaşması və hazırlanması məqsədi ilə Mərkəzi Asiya məkanında keçirdiyi ənənəvi tədbirdir. Ekspert məsləhətləşmələri MDB-nin iştirakçısı olan dövlətlərin 2014-2016-cı illər üçün terrorizmə və ekstremizmin digər zorakılıq təzahürlərinə qarşı mübarizə sahəsində əməkdaşlıq proqramında nəzərdə tutulub.

Gununsesi.info