Mədəniyyət Mərkəzində uşaq bağçası? - FOTO

Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsindəki Mədəniyyət Mərkəzində uşaq bağçasının fəaliyyət göstərməsi narazılıq yaradıb. Bəzi valideynlər “Yurdmedia”ya açıqlama verərək mədəniyyət müəssisəsinin binasında bağçanın olmasını qanunsuz sayıblar və oradakı şəraitin dözülməz olduğunu deyiblər.

Gununsesi.info   xəbər verir ki, valideynlərin sözlərinə görə, mədəniyyət mərkəzindəki bağçada uşaqlar üçün normal imkanlar yoxdur, çarpayılar olmadığından körpə yaşlı uşaqlar günortalar döşəmə üstündə salınmış yerdə yatmalı olurlar.

Hazırda Qızıldaş Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinin səlahiyyətlərini müəssisənin bədii rəhbəri Gülnar Abbasova icra edir. Sakinlərin sözlərinə görə, buradakı uşaq bağçası da məhz onun dövründə fəaliyyətə başlayıb.

Mədəniyyət Nazirliyindən mətbuata verilən açıqlamada bildirilib ki, bağlanmış müqaviləyə əsasən “Eliza School” tədris mərkəzi mədəniyyət mərkəzində “Erkən inkişaf” kursu açıb.

Amma valideynlər nazirliyin rəsmi açıqlaması ilə razı deyillər. Onların sözlərinə görə, mədəniyyət mərkəzində hər hansı bir kursdan söhbət getmir. “Elisa School”un sosial şəbəkələrdə yerləşdirdiyi elanlarda da həmin məkan kurs kimi deyil, məhz uşaq bağçası kimi reklam edilir.

Narazı valideynlər deyir ki, mədəniyyət mərkəzində qanunsuz fəaliyyət göstərən uşaq bağçası barədə digər dövlət qurumların da məlumat veriləcək.

Gununsesi.info