“Medi Sina” klinikasının sahibi apellyasiya şikayəti verib

  • By admin
  • 23 May 2017 11:06

medi_sina

“Medi Sina” klinikasının sahibi Müğdət Həşimov məhkəmə qərarından apellyasiya şikayəti verib.

Gununsesi.info-nun xəbərinə görə, “Medi Sina” klinikasının sahibi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

M.Həşimovun şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olub və yaxın günlərdə iş hakimin icraatına veriləcək.

Qeyd edək ki, Müğdət Həşimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. Məhkəmə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 213-cü (vergidın yayınma) maddəsinə xitam verib.

İttihama görə, M.Həşimov iş adamı Ramazan Zeynalova qarşı (Hacı Mazan) 163 min manatlıq dələduzluq edib.

Belə ki, R.Zeynalov müqavilə əsasında klinikanın yerləşdiyi binanı M.Həşimova icarəyə verib, ancaq ondan icarə haqqını ala bilməyib.

Bundan başqa, M.Həşimov vergi ödəməkdən boyun qaçırıb və külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Xatırladaq ki, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızı adıçəkilən klinikada əməliyyat zamanı vəfat etmişdi. “Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub.

Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə də qərar qəbul edib.

İddiaçı tərəfin maddi təzminatla bağlı tələbini də Yasamal Rayon Məhkəməsi qismən təmin edib və “Medi Sina” klinikası da daxil olmaqla, cavabdehlərin birdəfəlik 9,800 manat, həmçinin E.Tofiqqızının övladlarının 18 yaşına çatana qədər hər birinə 136 manat (ali məktəbə girəcəkləri təqdirdə 23 yaşa qədər) məbləğində aylıq müavinət ödənilməsinə qərar verib.

İddiaçı tərəf təzminatın məbləğindən razı qalmayıb və Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Gülnaz Qənbərli 

Gununsesi.info