
“Azərbaycanın Ukraynaya hərbi təyinatlı yardım göstərməsi ilə bağlı tirajlanan xəbər tamamilə yalandır”.
Gununsesi.info xəbər verir ki, bu sözləri Azərbaycan Medianın İnkişafı Agentliyi deyib.
Ukraynalı hərbi müxbir Roman Boçkala ölkəsinin istifadə etdiyi 122 mm-lik top mərmilərinin istehsal olunduğu zavoddan yeni reportaj hazırlayıb. Jurnalist ölkə adı çəkmədən deyib ki, “zavod partnyor ölkələrin birində yerləşir”.
Rusiyanın “Mash” teleqram kanalı həmin videonu paylaşaq yazıb ki, mərmilərin hazırlandığı zavod Azərbaycanda yerləşir. Videoda “Palladium” şirkətinin adı yazılmış banerlərin divardan asıldığı görünür.
Palladium.az şirkətinin rəsmi saytında yazılıb ki, şirkət dünyanın qabaqcıl müdafiə və təhlükəsizlik avadanlıqları istesal edən təşkilatlarla yaxından əməkdaşlıq edir və hərbi, dəniz nəqliyyat vasitələrinin təmiri, dizaynı və təkmilləşdirilməsi ilə məşğuldur.
“Palladium” Gürcüstan, Almaniya, BƏƏ, ABŞ, Yaponiya və Ukraynanın müxtəlif müəssisələri ilə əməkdaşlıq edir.
Azərbaycan Medianın İnkişafı Agentliyi isə xəbərləri təkzib edib:
“Azərbaycanın Ukraynaya hərbi təyinatlı yardım göstərməsi ilə bağlı tirajlanan xəbər tamamilə yalandır. Belə ki, Azərbaycan top mərmisi istehsal etmir və bu iddia sadəcə cəfəngiyyatdır.
Azərbaycan humanizm prinsiplərini əsas götürərək Ukraynaya yalnız humanitar dəstək göstərir.
Ukrayna bayrağı ilə jurnalist olduğu deyilən şəxsin çəkildiyi şəkilin Azərbaycanla heç bir əlaqəsi yoxdur.
Medianın İnkişafı Agentliyi olaraq yerli və xarici sosial media istifadəçilərini bu kimi cəfəng xəbərlərə ehtiyat və həssaslıqla yanaşmağa çağırırıq”.
Gununsesi.info