MEDİA bir qrup jurnalistin Şuşanı görmək arzusunu gerçəkləşdirdi - FOTOLAR

  • By admin
  • 30 Dekabr 2021 13:12

Medianın İnkişafı Agentliyi bir qrup media təmsilçisinin Şuşaya səfərini təşkil edib.
Səfərdə Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimli də iştirak edib.
Səfərlə bağlı MEDİA-nın təmsilçisi Natiq Məmmədli özünün sosial şəbəkə hesabında qeydlər paylaşıb.
Həmin qeydləri təqdim edirik:

İlin son günlərində fərəhli anlar yaşadıq. Media Agentliyi dekabrın 27-29-da Şuşaya iki səfər təşkil etdi. 70-ə yaxın media subyektində çalışan 150-dən çox jurnalist, blogger, ictimai fəal səfərdə iştirak etdi.

Heyətin tərkibi çoxlarında hətta təəccüb doğuracaq qədər rəngarəng və maraqlı idi. Əməkdaşlarımız Şuşa səfəri ilə bağlı zəng edəndə çox həmkarlarımız sözün yaxşı mənasında şoka düşmüşdü, çoxları kövrəlmişdi, “elə bilrdik bizi unutmusunuz”, deyə heyrətlənmişdilər.

Biz heç kimi unutmamışıq! Doğma qalamıza səfər arzusunu bildirən, agentliyə müraciət edən, sosial şəbəkələrdə fikirlərini bölüşən hər kəs yadımızda idi.

Heç kimə fərq qoymadıq! Bu həmrəylik səfəridir! Bu hamının haqqıdır! Şuşa bizi birləşdirən dəyərdir! Düşmənsə səngərin o tərəfindədir.

Müqəddəs Şəhidlərimizi rəhmətlə anırıq, Müzəffər Ali Baş Komandanın Dəmir Yumruğu ətrafında sıx birləşən xalqımızla, bu Zəfəri bizə yaşadan şanlı ordumuzla qürur duyuruq!

Dünya Azərbaycanlılarının Həmrəylik bayramı ərəfəsində biz bu həmrəyliyi Şuşada hiss etdik, kövrəldik, qürurlandıq, bir-birimizin gözlərinə baxaraq hisslərimizi bölüşdük.

İndi sosial şəbəkələr həmrəylik şəkilləri, dəyərli jurnalistlərimizin yazdıqları yazılar, hazırladıqları reportajlarla dolub-daşır.

Səfərə qatılan hər bir həmkarımıza, Media Agentliyinin iki gündür səhər o başdan gecə yarısına qədər iştirakçıları müşayət edən əməkdaşlarına təşəkkür edirik!

Həmişə həmrəy olaq!
Qarşıdan gələn bayramlarımız mübarək!

Gununsesi.info