Media dini məsələlərdə cəmiyyətin keşikçisi ola bilirmi… - FOTOLAR

  • By admin
  • 15 İyul 2019 19:28

“Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi “Azərbaycanda dini tolerantlıq, birgə yaşamaq mədəniyyəti, ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda konfrans keçirib. QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə təşkil olunan konfransda rəsmi qurum nümayəndələri, media və QHT təmsilçiləri, ziyalılar, ictimaiyyət üzvləri iştirak ediblər.

Gununsesi.org xəbər verir ki, konfransda müstəqil Azərbaycanda islami dəyərlərin, müxtəlif dini konfessiyalar arasında tolerantlıq münasibətlərinin qorunmasına xüsusi əhəmiyyət verildiyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycanda istənilən dinin nümayəndəsinin ibadət edə biləcəyi çox gözəl məkanlar var. Ölkəmizdə yaşayan qeyri-müsəlmanlar Avropadakı müsəlmanların qarşılaşdığı təhqirlərə məruz qalmırlar.

Konfrans iştirakçıları bununla yanaşı, Azərbaycanın indiki sabit mənzərəsini qəbul etməyən, məlum dini münaqişələri ölkəmizə transfer etməyə çalışan qüvvələrin mövcudluğunu və respublikamızda dini durumu süni vasitələrlə gərginləşdirməyə cəhdlərin olduğunu da diqqətə çatdırıblar.

“Əqli Mülkiyyətçilərə Kömək” İB-nin sədri Ə.Qafarlı son dövrlərdə radikal dini cərəyanların ölkə ərazisində fəallığını artırmağa çalışmalarının təsadüfi olmadığını, bir sıra hallarda gənclər, yeniyetmələrin yad dini cərəyanların təsirlərinə düşdüyünü xatırladıb. O, həqiqətlərin olduğu kimi insanlara çatdırılması üçün medianın maarifləndirmə missiyasını gücləndirməli olduğunu vurğulayıb.

Jurnalist-ekspert Seymur Verdizadə dinin ideoloji sahədə ən həssas və incə məsələ olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan qanunvericiliyindən kənarda fəaliyyət göstərən dini sektalara, dağıdıcı qüvvələrə qarşı ehtiyatlı olmalıyıq. “Gərgin geosiyasi məkanda, müxtəlif sivilizasiyaların toqquşduğu bölgədə, dini zəminli toqquşmaların sərhədində yerləşən Azərbaycan Respublikasında dini tolerantlığın olması ölkəmiz üçün vacib şərtdir” deyən ekspert daha sonra əlavə edib: “Cəmiyyəti əhəmiyyətli informasiya ilə təmin etməliyik ki, o çaşqınlıq içində qalmasın. Xurafatın, mövhumatın qarşısını almaq üçün din alimləri və ruhanilərimizlə yanaşı, bu sahəni bilən media ekspertləri də faəl olmalıdır”.

Yazıçı-publisist Mahir Qabiloğlu dini radikallıq və xurafat meyillərinin, dinin siyasiləşdirilməsi cəhdlərini təzahür etməsindən danışıb, Gəncə hadisələrindən, bir müddət əvvəl cəmiyyətdə səs-küy yaradan “cin çıxarma” olayından misallar gətirib. O, ilahiyyatçı alimləri, media ekspertlərini aktiv olmağa səsləyib.

QHT-lər Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, politoloq Zaur İbrahimli və digər çıxışçılar gənc nəslin dini biliklərinin artırılmasının zəruriliyindən danışıblar.

Yekunda qeyd olunub ki, media dini məsələlərdə cəmiyyətin keşikçisi olmalıdır .