MEDİA rəhbərliyi Ədliyyə Nazirliyi ilə bu məsələni müzakirə etməlidir - PƏRVİZ HƏŞİMLİ SƏS-KÜYLÜ MƏHKƏMƏLƏRƏ JURNALİSTLƏRİN BURAXILMAMASINDAN DANIŞIR

2013-cü ildə keçmiş MTN tərəfindən həbs olunmuş, “Günün Səsi” xəbər saytının baş redaktoru Pərviz Həşimlinin “Yeni Sabah”a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik: 
– Bildiyiniz kimi, jurnalistlər MTN generallarının məhkəmə prosesinə buraxılmır. Sizcə, buna səbəb nədir, məhkəmə niyə ictimai aşkarlığın əleyhinədir?
– Proses illər əvvəl baş verən cinayətləri araşdırır. Amma bunla o qədər sensasiyalı, insanların taleyində unudulmaz izlər buraxmış cinayətlərdir ki, hələ də Azərbaycan ictimaiyyətinin marağında qalır.İlk gündən bu prosesi mediadan xəbərsiz aparmağa çalışıblar. Ancaq jurnalistlərin peşəkarlığı nəticəsində məhkəmədə danışılanlar həmişə ictimailəşə bilib.

Açıq məhkəmə prosesindən söhbət gedirsə, jurnalistlər onu işıqlandırmalı idi, buna şərait yaradılmalıydı, amma yaradılmadı. Bu da ondan irəli gəlir ki, orada Azərbaycanın çox ünlü simaların adı keçir.

– Kimlərin?

– Söhbət keçmiş baş prokuror Zakir Qaralov, onun müavini Rüstəm Usubov, milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudov və başqa yüksək vəzifəli şəxslərdən gedir. Ona görə də, bu prosesin kifayət qədər səssiz keçməsində maraqlıdırlar. Məncə, buna nail ola bilməyiblər.

Jurnalistlərin məhkəmə prosesinə buraxılmaması birinci dəfə deyil. Bu tipli məhkəmələrdə, adətən, qanunsuzluqlar edb jurnalistləri buraxmırlar. Bununla bağlı dəfələrlə redaksiyamız adından Azərbaycan Məhkəmə-Hüquq Şurasına şikayət ərizəsi yazmışam, təəssüf ki, son dövrlərdə pandemiyanı əsas gətirib məsuliyyətdən yayına bilirlər.

Xatırladım ki, Ali Məhkəmə Plenumu pandemiya ərəfəsində məhkəmələrdə iştirakçıların sayı ilə bağlı bir qərar qəbul etmişdi. Səhv etmirəmsə, iştirakçıların sayı 14 nəfərə qədər olmalı idi. Lakin Eldar Həsənovun məhkəmə prosesində gördük ki, zal yad adamlarla doldurulur, amma jurnalistlər zala buraxılmır. Hətta Eldar Həsənovun ailə üzvləri belə tələb edirdi ki, biz zaldan çıxırıq, jurnalistlərin iştirakını təmin edir. Amma bunu etmirdilər.

Göründüyü kimi, bunlar hamısı süni əngəllərdir. Bu, Azərbaycanda jurnalistikanın üzləşdiyi ən ciddi problemdir. Media Agentliyinin rəhbərliyi də bu məsələni Ədliyyə Nazirliyinin rəhbərliyi, məhkəmə sədrləri ilə müzakirə etməlidir ki, ictimai əhəmiyyət kəsb edən məhkəmə proseslərində jurnalistlərin iştirakı təmin olunsun.

– Belə olan halda, məhkəmənin obyektiv keçəcəyinə kim zəmanət verə bilər?

– Azərbaycanın məhkəmə-hüquq sisteminin ümumi vəziyyəti göz qabağındadır. Bu gün sözügedən məhkəməyə Elbəy Allahverdiyev sədrlik edir. Oradakı prosesdən də belə nəticəyə gəlmək olur ki, o zərərçəkənlərin deyil, mühakimə olunanların tərəfindədir. Sanki mühakimə olunanları müdafiə edir. Yəqin ki, çıxardığı qərarlar da elə buna uyğun olacaq.

– Bayaq Eldar Mahmudovun adını çəkdiniz. Bu məhkəmənin davam etdiyi müddətdə onun da prosesə dəvət edilməsi gözlənilirmi?

– Eldar Mahmudovun adı bu  cinayət işinin istintaqında keçib. O, bir neçə dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilib. Təbii ki, istintaqda ifadə verən adamın məhkəmədə də dindirilməsi qanunun tələbidir, amma bu mövzuda nə dərəcədə risk edib onu da çağıracaqlar, bu başqa məsələdir.

Gununsesi.info