Oktyabrın 14-də qüvvəyə minmiş Media Reyestrinin qaydalarını Turan üçün məlumatında şərh edən Medianın İnkişafı Agentliyinin nümayəndəsi bildirib ki, “Media haqqında” Qanuna əsasən, 6 ay müddətində qeydiyyat üçün Reyestrə müraciət etməyən KİV-lərin aqibətinə MİA-nın təqdimatı əsasında məhkəmədə baxılacaq. Bu barədə Turan “MEDİA-ya qeydiyyat üçün müraciət etməyən KİV-lər məhkəmə qarşısında dayanacaqlar” sərlövhəli məqalədə məlumat vermişdi.
Amma “Media haqqında” Qanunda belə bir şey deyilmir, bu barədə birbaşa və ya dolayı qeydlər yoxdur.
Açıqlama üçün MİA-ya müraciət edən Turan oradan ikinci geniş izahatı alıb.
Kommunikasiya şöbəsinin direktoru Səidə Şəfiyevanın məktubunda deyilir ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq Medianın İnkişafı Agentliyinə müraciət etməlidir.
Qeyd olunan müddəa keçid müddəa statusundadır və Qanun qüvvəyə minənə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyır, deyə Agentlikdən bildiriblər.
Belə ki, Qanunun 74.1-ci maddəsində Media Reyestrinə daxil edilmək üçün müraciət edən subyektlərə münasibətdə tələblər müəyyənləşdirilib və müvafiq qanunun qəbuluna qədər artıq fəaliyyət göstərən subyektlər bu kimi tələblərin gələcəkdə mövcud olacağını əvvəlcədən ehtimal edə bilməzdilər. Məhz bu səbəbdən qanunverici “Keçid müddəaları” maddəsini formalaşdırıb və həmin subyektlərə 6 ay ərzində Qanunun tələblərinə uyğunlaşmaq, fəaliyyətlərini bu istiqamətdə qurmaq və bundan sonra Media Reyestrinə müraciət etmək üçün imkan yaradıb.
Media Reyestri fəaliyyətə başladıqdan 6 ay sonra Qanunun 78.3-cü maddəsi öz hüquqi qüvvəsini itirir və bu tarixdən sonra Qanunun 62.2-ci maddəsi yaranma tarixindən asılı olmayaraq bütün media subyektlərinə münasibətdə tətbiq edilir.
“Media haqqında” Qanunun 65.4.4-cü maddəsinə əsasən isə, bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq MEDİA Agentliyinə rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin qanuna uyğunsuzluğu məsələsi məhkəmə qaydasında mübahisələndirilir, deyə Agentliyin açıqlamasında bildirilir.
Beləliklə, Turan-ın gəldiyi nəticəyə görə, “Media haqqında” Qanunda açıq-aşkar repressiv xarakter daşıyan və MİA rəhbərinin Reyestrdə qeydiyyatdan keçməyən KİV-lərin maenəsiz işləyə biləcəyi haqqında şifahi bəyanatları ilə heç bir ortaq tərəfi olmayan gizli məna var. MİA fəaliyyətə başladıqdan altı ay sonra onun Reyestri MİA-nın daha əvvəl qələmə verdiyi sırf informasiya-statistika resursundan istədiyi KİV-ləri öz sıralarına qəbul edə, istəmədiklərini qəbul etməkdən imtina edə, habelə hakimiyyət tərəfindən cərimələnən KİV-ləri xaric edə bilən cəzalandırma resursuna çevriləcək. Reyestrdən xaric edildikdən sonra isə bu jurnalist kollektivləri, eləcə də qeydiyyat üçün Reyestrə müraciət etməyən əvvəlcədən fəaliyyət göstərən redaksiyalar Azərbaycan reallıqlarında hakimiyyətdən sıx asılılığı yaxşı məlum olan məhkəmə qarşısına çıxarılacaq.
Hakimlərin MİA-nın təqdimatı əsasında hansı seriya qərarlar qəbul edəcəyini müzakirə etməyin mənası yoxdur, sonra Turan-ı Azərbaycan məhkəməsini təhqir etməkdə ittiham etməsinlər.
Turan.az