Medianın davası ümummilli olmalıdı, sanbalı olmalıdı, ictimai məzmunu olmalıdır - NATİQ MƏMMƏDLİ YAZIR

  • By admin
  • 23 İyul 2022 20:02

Beyənlxalq Media Forum haqqında kifayət qədər informasiya yayıldığından, eyni zamanda iştirakçılar fikirlərini paylaşmaqda olduqlarından mən pərdə arxasında qalan bəzi mətləbləri qeyd edirəm və bu yazdıqlarımın mənim şəxsi mövqeyim olduğunu bilmənizi istəyirəm.

Birincisi, Media Agentliyinin əməkdaşları böyük məsuliyyət və həyəcanla bu tədbirə hazırlaşmışdılar; adamların nəqliyyatda yerləşdirilməsindən, aparılıb-gətirilməsindən tutmuş, proqram və panel müzakirələrinə qədər hər şeyin istənilən səviyyədə olmasından ötrü hamı əlindən gələni etdi. Qızarmış gözləriniz, yuxusuz gecələriniz, həyacan və səmimiyyətiniz “çox sağ ol”a layiqdir.

İkincisi, şəxsən mənim üçün tarixi 30 ili haqlayan dostlarımı, qələm yoldaşlarımı bir arada görmək həmişə xoşdur, qəlbim fərəhlənir. Hamınızı nə qədər çox sevdiyimi təzədən deməyə ehtiyac duymuram. Hətta avtobus gec tərpənəndə arxamca “ə, bilirsiniz də, bunu “Kaspi”dən niyə atdılar bayıra” və mən geri qayıdanda “Natiq müəllim ürəkdi” deməyiniz də mənə xoşdu. Bircə Allaha şükür edirəm ki, kovid analizim neqativ çıxdı, yoxsa qucaqlayıb bağrıma basdığım beynəlxalq forumun iştirakçılarının 90 faizini yoluxdura bilərdim.

Üçüncüsü, “onlar getdi biz qaldıq” iradlarına gəlincə, şəxsən mən özüm ona yaxın adama zəng edib konfransa dəvət eləsəm də, hərə özünə görə bir üzrlü səbəb gətirib gələ bilməyəcəklərini dedilər. Kimsə “konfransda konvergensiyadan və ya media etikasından danışılan söhbətləri mən də eşitmək istəyirdim niyə dəvət etməmisiniz” iradı səsləndirmədi. Lakin sual konkret qoyulur – “niyə məni aparmamısınız” və yaxud da daha ağır formada “filan, filan “reket” ləri niyə ora aparmısınız”. Mən jurnalistikadan savayı Azərbaycanda ikinci bir peşə tanımıram ki onun mənsubları bir-birinə vedrə bağlamaq yarışında beləcə tər töksün.

Dördüncüsü, Qala mənim üçün ayrı bir anlam daşıyır. Mən ora elə adamların gözləri ilə baxıram, elə adamların kitabındakı cümlələrlə düşünürəm və orada elə adamları xatırlayıram ki, uçuq divarların küncünə qısılıb yanıb-yaxıllb, sızıldamaq belə azdı. Cıdır Düzünün o tərəfində – Qacarın Qalanı topa tutduğu sıldırım meşəliyin fonunda şəkil çəkdirmək gözəldir. Amma hər dəfə o gözəliyyə baxanda gözlərimin qabağında şəhid əmim oğlunun elə o sıldırım qaya boyda surəti gəlib dayanır, hər ağacın kölgəliyindən, hər qayanın yanından bir şəhidin xatirəsi görsənir. Bu, media söhbəti deyil, ayrı söhbətdi, üstündə çox durmayacam.

Beşincisi və nəhayət, biz nəyin davasını edirik? Dava qurtarıb indi yurdun dirçələn dövrüdür. Media davasının iki nümunəsini verim; birincisi, “Molla Nəsriddin” və “Füyuzat” davası – məqsəd Azərbaycan ədəbi dilini yaşatmaq idi, ikicisi, “Ağaoğlu Əli bəy Hüseynzadə davası, Ağaoğlu “Hayat” qəzetinin redaksiyasında stulu götürüb Əli bəyin başına vurmaq istəyirdi – məqsəd qəzetin həmin nömrəsinə Əli bəyin söz verdiyi məqaləsini gecikdirməyi idi. Bəs biz nəyin davasını döyürük? Medianın davası ümummilli olmalıdı, sanbalı olmalıdı, ictimai məzmunu olmalıdı”.

 


Natiq Məmmədli
MEDİA-nın Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri