Mediatorlar boşanan ailələrdə uşaqların maraqlarını necə qoruya bilər?

“Mediasiya haqqında” Qanunun 26.4-cü maddəsinə görə, mediator qarşısında olan ailə mübahisəsində mediator uşağın maraqlarına toxunan bir halı müəyyən edərsə, bu barədə müvafiq dövlət orqanın xəbər verməlidir.

Uşağın maraqlarına toxuna bilən müxtəlif hallar ola bilər, məktəbə gedə bilməməsi, sağlam qidalana bilməməsi, nəzarətsiz qalması və pis vərdişlərə qurşanması kimi.

Bunlara əlavə olaraq da uşağın valideyin sevgisi və ünsiyyətindən uzaq qalması da onun maraqlarına mənfi təsir göstərir, psixoloji sağlamlığına zədə vurur.

İcraatımda bir iş var, ana boşandıqdan sonra uşaqlarını ataya göstərmir. Ata zorakı tip deyil (iddia olunmur da), qanuni alimentini də ödəyir, maaşdan tuturlar, ana isə uşaqlara təzyiq göstərərək ata ilə harasa getmələrinə imkan vermir.

Bəzi boşanmış anaların məntiqi belə işləyir – alimentlə uşaq saxlamaq olar, ata əlavə pul verməlidir! vermirsə, uşaqları da görməyəcək. Qadın mənə demir ki, o uşaqlara icazə vermir ya da təzyiq göstərir. Lakin mən danışanda qarşı tərəfin dürüstlüyünü də başqa hallarla qiymətləndirə bilirəm.

Bu işdə xanıma dedim ki, uşaqları gətirin onlarla danışmalıyam. Əks halda uşaqların ataları ilə ünsiyyət hüququna bilərək maneə yaradıldığına dair dövlət qurumlarına rəy verəcəm. Mediatorlarımız bu cür mexanizmləri işlədərək boşanma sonrası konfliktləri yumşaltmağa töfhə versələr yaxşı olardı.

9 saylı Mediasiya Təşkilatında əlimizdən gələn qədər boşanma və boşanma sonrası mərhələdə uşaqların travma almaması üçün cəhd göstəririk.

Boşanmış ailələrdə uşaqların valideyin sevgisindən məhrum qalmaması məsələsi bir mədəniyyət və savad məsələsidir. Ana bilməlidir ki, uşaqlar ata sevgisindən məhrum qaldıqlarına görə travmalı böyüyəcək, və bu pis karmanı öz ailə həyatlarında da davam etdirəcəklər.

Ayrıca bu cür valideyinlərə demək olar ki, necə olurdu ki evli ikən adam aldığı maaşla ilə dolanırdı, hətta riyazi olaraq uşaqlara daha az pul xərclənirdi, indi bəs etmir?

Boşanma bir faciə deyil, daha doğrusu olmaya bilər, əgər söyuq başla və dəyərlər əsasında idarə edilə bilsə.

 

Fərhad Mehdiyev

Hüquqşünas

Gununsesi.info