“Medium” nəşri Azərbaycan səfirinin məqaləsini yaydı

  • By admin
  • 17 Yanvar 2023 19:05

Nüfuzlu “Medium” internet-nəşrində Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevin “Qara Yanvar xatirəsi: təsvirəgəlməz faciədən sonra ümid” sərlövhəli məqaləsi dərc edilib.

Gununsesi.info xəbər verir ki, məqalə müəllifinin sözlərinə görə, yanvarın 20-də azərbaycanlılar “Qara Yanvar” faciəsinin 33-cü ildönümünü qeyd edəcəklər. 1990-cı il yanvarın 20-nə keçən gecə 26 mindən çox sovet hərbçisi Azərbaycan paytaxtına soxulub, dinc sakinlərə amansızcasına divan tutub. Yüzlərlə insan, o cümlədən uşaqlar, qadınlar və yaşlı insanlar qətlə yetirilib və yaralanıb.

Qara Yanvardan əvvəl Azərbaycan və region üçün faciəli nəticələrlə bitmiş bir sıra hadisə baş verib. 1987-ci ildə Ermənistanda anti-Azərbaycan talanlar başlanıb. Ermənistan hökuməti tərəfindən dəstəklənən erməni ekstremistləri azərbaycanlılar yaşayan kəndlərə hücum edib, heç bir təqsiri olmayan yüzlərlə mülki şəxsi qətlə yetiriblər. Onlar Ermənistanı azərbaycanlılarsız ölkəyə çevirməyi planlaşdırırdı və tezliklə bu plan həyata keçirildi. 250 mindən çox azərbaycanlı – əsrlər boyu indiki Ermənistan ərazisində yaşayan ən iri etnik azlıq oradan zorla qovuldu.

Həmin dövrdə Ermənistan Azərbaycana əsassız ərazi iddiaları irəli sürdü. Zorakılıq dalğası iki xalq arasında dəhşətli müharibəyə çevrildi.

Moskvadakı ermənipərəst sovet rəhbərliyi tərəfindən qızışdırılan bu ədalətsizliklər Azərbaycanda ictimai hiddətə səbəb oldu, Bakıda kütləvi antisovet nümayişlər başlandı. Az sonra bu nümayişlər genişlənərək milli azadlıq hərəkatına çevrildi. Azərbaycanda azadlıq uğrunda başlanmış güclü hərəkatı Amerikada çıxan “Newsweek” jurnalı da işıqlandırmışdı. Jurnal 1989-cu il dekabr nömrəsinin cildində Bakıda keçirilən nümayişlərdən birindən çəkilmiş fotoşəkli illüstrasiya kimi istifadə etmiş və onu “Azadlıq naminə üsyana qalxmalı. İlin adamları” adlandırmışdı.

Bu hərəkat sovet rəhbərliyini çox qıcıqlandırırdı. Ona görə dinc nümayişçiləri qətlə yetirmək üçün Bakıya qoşun göndərən sovet rəhbərliyi sovet istibdadının dəmir pəncəsindən xilas olmaq barədə düşünməyə cəsarət edən hər hansı sovet respublikasında vahimə doğurmaq istəyirdi. “Human Rights Watch” hüquq-müdafiə təşkilatı özünün “Azərbaycanda Qara Yanvar” adlı hesabatında yazırdı: “Yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən tətbiq edilmiş zorakılıq azərbaycanlıların müqavimətinə tamamilə qeyri-mütənasib idi, bütün xalqın kollektiv şəkildə cəzalandırılması baş vermişdi. Sovet əsgərləri tərəfindən Bakıda tətbiq edilmiş cəza aksiyası, ola bilsin ki, təkcə Azərbaycanda deyil, Sovet İttifaqının başqa respublikalarında da vətənpərvərlərə xəbərdarlıq kimi düşünülmüşdü”.

O dövrün sovet lideri Mixail Qorbaçov ümid edirdi ki, “Qara Yanvar” qəddarlığı Azərbaycanı azadlıq uğrunda mübarizədən çəkinməyə məcbur edəcək. Lakin Qorbaçovun əmri ilə törədilmiş cinayət müasir tarixdə insanın mətanətinin ən güclü təzahürlərindən birinə gətirib çıxardı. Hücumdan dərhal sonra, qətlə yetirilənlərin küçələrdə axan qanı hələ qurumamış ciddi komendant saatı rejimi tətbiq edildi. Bu rejimi pozanları xəbərdarlıq edilmədən güllələyirdilər. Buna baxmayaraq 1 milyondan çox azərbaycanlı Bakı küçələrinə çıxaraq, terrora və istibdada qarşı xalqın mərdliyini və birliyini nümayiş etdirdilər, qanlı qırğın qurbanlarının xatirəsinə yas saxladılar.

Müsəlman, xristian və yəhudi məzhəblərinin nümayəndələri Azərbaycan xalqının ümumi inamının, ümidinin və sarsılmazlığının nümayişi kimi birgə ibadət etdilər.

Müasir Azərbaycanın memarı olmuş Heydər Əliyev həmin günlərdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək orada mətbuat konfransı keçirdi, öz xalqına qarşı törədilmiş cinayəti qətiyyətlə pislədi. Onun mərdliyi və mətinliyi Azərbaycan xalqını ruhlandırdı və Heydər Əliyev azadlıq uğrunda mübarizənin lideri oldu.

Beləliklə, sovet rejiminin qəddarlığı əks effekt doğurdu və 1991-ci ilin oktyabr ayında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi.

Dövlət müstəqilliyi bərpa olunandan sonra Azərbaycan yüksələn xətt üzrə inkişaf etməyə başladı. Bu gün Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə iqtisadi inkişafda böyük uğurlar nümayiş etdirən Azərbaycan siyasi cəhətdən sabit və iri geosiyasi aktora çevrilib. Cənubi Qafqazda ən iri iqtisadiyyat, keçmiş Sovet İttifaqı məkanında ən iri iqtisadiyyatlardan biri Azərbaycana məxsusdur. Azərbaycan Xəzərdə neft və qaz hasil edir. Bu, Avropada qlobal enerji təhlükəsizliyi üçün çox böyük əhəmiyyət kəsb edir.

Müəllif qeyd edir ki, bizim dəyərlərimiz son illərdəki çətinliklərdən uğurla çıxmağa kömək edib. 2020-ci ilin payızında Azərbaycan öz ərazilərini Ermənistan tərəfindən 30 ilə yaxın davam etmiş işğaldan azad edib. Bu, 1 milyon məcburi köçkün azərbaycanlının nəhayət öz evlərinə qayıtmasına imkan verəcək. Biz artıq bərpa və qayıdış prosesinə başlamışıq.

Azərbaycanın AFR-dəki səfiri Nəsimi Ağayev məqaləsinin sonunda yazır: “O faciəli Yanvar hadisələrini yadda saxlamaq təkcə bu faciə və onun təsvirəgəlməz qəddarlığı barədə xatirəni ədəbiləşdirmək üçün deyil, ilk növbədə tarixin çətin dövrlərində milli dözümlülüyü yadda saxlamaqdan ötrü vacibdir. Bu gün bütün dünyada elə sarsıntılar baş verir ki, bizim çoxumuz hələ ona bənzər hadisələr görməmişik. Lakin faciələrə və çətinliklərə baxmayaraq milləti güclü edən dəyərlər bu gün bizi irəliyə aparmağa qadir olan amillərdir. Bu gün biz tolerantlığı və qarşılıqlı hörməti qoruyub saxlamalıyıq, çünki məhz bu amillərin salamat qalmağın və sülhün tərkib hissələri olması sübut edilib”.

Gununsesi.info