Medvedevdən Rusiya ilə NATO müharibəsi AÇIQLAMASI: “Bu, apokalipsis olacaq”

  • By admin
  • 07 Fevral 2024 15:39

NATO ilə müharibə olarsa, Rusiya “asimmetrik cavab vermək” və “xüsusi döyüş başlıqları olan” raketlərdən istifadə etmək məcburiyyətində qalacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev fevralın 7-də özünün “Telegram” kanalında yazıb.

Medvedev diqqəti Moskvanın NATO və Aİ ölkələri ilə münaqişə planlarının olmadığını dəfələrlə bildirməsinə çəkib, bildirib ki, “bu mövzuda son dərəcə təhlükəli söhbətlər davam edir”.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak, Almaniya federal kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron, Norveç, Finlandiya, Polşa və Şimali Atlantika Alyansı ölkələrindən olan digər siyasətçilər müharibəyə Rusiya ilə hazırlaşmaq çağırışlarını təkrarlayıblar.

“Əgər belə bir müharibə baş versə, xüsusi hərbi əməliyyatlar ssenarisi ilə getməyəcək. Bu, artilleriya, zirehli texnika, pilotsuz uçuş aparatları və elektron döyüş texnikasından istifadə etməklə səngərlərdə aparılmayacaq”, – Dmitri Medvedev vurğulayıb.

O, NATO-nun nəhəng hərbi blok olduğuna, Alyans ölkələrinin əhalisinin təxminən 1 milyard nəfər olduğuna və onların ümumi hərbi büdcəsinin bir trilyon yarım dollara çata biləcəyinə diqqət çəkib.

“Buna görə də, hərbi potensialın müqayisəedilməzliyinə görə, Moskvanın sadəcə olaraq seçimi qalmayacaq”, Rusiyanın eks-prezidenti bildirib.

“Cavab asimmetrik olacaq. Ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün xüsusi döyüş başlıqlarına malik ballistik və qanadlı raketlərdən istifadə olunacaq. Bu, bizim hərbi doktrinal sənədlərimizə əsaslanır və hamıya yaxşı məlumdur. Və bu, çox bədnam apokalipsisdir. Hər şeyin sonu”, – deyə o vurğulayıb.

Gununsesi.info