Mehman Əliyevdən Avropa Şurasının nümayəndəsinə etiraz: “Mətbuat Şurasına niyə vəsait ayırırsınız?” (FOTOLAR)

  • By admin
  • 14 Fevral 2020 17:41

“Azərbaycanda parlamentin fəaliyyətini işıqlandıran ayrıca telekanal açılmalıdır”. 

Gununsesi.org xəbər verir ki, bu fikirləri “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev bu gün Bakıda keçirilən “2020-ci ilin parlament seçkiləri və media. Jurnalist hüquqları və vəzifələri” mövzusunda “dəyirmi masa”da çıxışı zamanı bildirib.
Direktor deyib ki, İctimai Televiziyadan əlavə, seçkilərlə bağlı xüsusi televiziyasının da yaradılmasına ehtiyac var:
“Ümumiyyətlə, seçki və parlament fəaliyyəti ilə bağlı ayrıca televiziya yaradılmalıdır. Həmin televiziya seçkilər dövründə yalnız namizədlərin təşviqatı ilə məşğul olmalı və müzakirələr təşkil etməlidir. Bunun üçün xüsusi telekanalın yaradılmasına ehtiyac var”.

Mehman Əliyev Azərbaycan Mətbuat Şurasının fəaliyyətini də sərt tənqid edib.
“Dövlət və beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası Mətbuat Şurasına bu qədər vəsait ayırır. Ancaq bu qədər vəsaitin müqabilində Mətbuat Şurası səmərəli fəaliyyət ortaya qoya bilmir. Axı bu qədər vəsaiti Mətbuat Şurasına niyə ayırırlar?”.
Həmin tədbirdə iştirak edən Avropa Şurasının Bakıdakı ofisinin layihə rəhbəri Pərvanə Bayramova Mehman Əliyevin bu təşkilat haqqında tənqidi fikirlərinə yerindən cavab verib.
Pərvanə Bayramov Avropa Şurasının Mətbuat Şurasına vəsait ayırmasını da inkar edib:
“Avropa Şurası Mətbuat Şurasına heç bir maliyyə vəsaiti ayırmır. Bu barədə səslənən fikirlər doğru deyil”.

Daha sonra Mehman Əliyev Avropa Şurasının Bakıdakı ofisinin nümayəndəsinə Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli ilə bağlı iradını bildirib:
“Müşfiq Ələsgərli Mətbuat Şurasının sədr müavinidir. Axı siz bu adama niyə pul ayırırsınız? Bu cür adamların Avropa Şurasının Azərbaycanda həyata keçirdiyi layihələrə cəlb edilməsi səhv addımdır. Siz Avropa Şurası olaraq dolayı yolla Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə işləyirsiniz, onlara mənasız vəsaitlər ayırırsınız. Əslində isə bu vəsaitlər Azərbaycanda azad media üçün ayrılması nəzərdə tutulub”.

Gununsesi.org