Mehman Hüseynov blogerer fəaliyyətinə görə saxlanılıb -EKSPERT

  • By admin
  • 10 Yanvar 2017 12:58

elesger

“Mehman  Hüseynov sıradan bir adam deyil, ictimai rəyə təsir edən blogerdir. Onun  çəkib hazırladığı hər videosu son aylarda ictimai rəy yaradıb.  M.Hüseynov iri məmur və  nazirlərlə bağlı korrupsiya faktlarını açıqlayıb. Lakin  bunların böyük hissəsi indiyədək araşdırılmayıb”.

Bu haqda Gununsesi.info-ya media hüquqları üzrə ekspert Ələsgər Əhmədoğlu bloger  Mehman Hüseynovun saxlanmasına münasibət bildirərkən deyib. Ekspert bildirib ki, səbəb nə göstərilirsə göstərilsin, Mehman Hüseynov blogerer fəaliyyətinə görə saxlanılıb:  “Bu hadisə idarəetmədə və təhlükəsizliklə bağlı ciddi problemlər olduğunu  bir daha göstərir, ölkədə Daxili İşlər Nazirliyinə müraciət edilir və onun mətbuat xidməti «Biz də axtarırıq» deyirsə, bu, çox  ciddi problemdir. Vətəndaşın təhlükəsizliyi dövlətə əmanətdir,  bunun üçün dövlət  məsuliyyət daşıyır”-, deyə o bildirib.

Ə.Əhmədoğlu qeyd edib ki, blogerin  14-15 saatdan sonra polisdə olmasının üzə çıxması da yaxşı hal deyil: “BMT-nin 2006-cı ildə qəbul edilmiş məcburi yoxaçıxmalarla bağlı konvensiyası var. Orda dövlət orqanlarının bu tip insanları oğurlayıb,  xəbər verməməsi cinayət əməli sayılır. Azərbaycan da BMT üzvü olduğu üçün bu konvensiyaya hörmətlə yanaşmalıdır. Yəni, Mehman Hüseynovun polis tərəfindən saxlanılmasının sonradan üzə çıxması dövlət qurumlarının cinayət şəbəkəsi kimi fəaliyyət göstərməsinin sübutudur”.

Qeyd edək ki, bloger Mehman Hüseynovun vəkili Elçin Sadıqov hazırda M.Hüseynovun Nəsimi rayn Məhkəməsinə aparıldığını yazıb

Xatırladaq ki,  blogerin Avropada  mühacir həyatı yaşayan qardaşı Emin Hüseynov yanvarın 9-da  axşam saatlarından gənc blogger Mehman Hüseynovun yoxa çıxması barədə sosial şəbəkələrdə xəbərlər yayıb.  Verilən xəbərə görə, Mehman Hüseynovun  dostları  ondan nə mobil telefon, nə də digər vasitələrlə xəbər tuta bilmirlər.

Emin Hüseynov isə bildirib ki, qardaşını kafedən çıxarkən bir neçə nəfər  zorla, ağzını yumaraq aparıblar.

Mehmanın dövlət hüquq-mühafizə xidmətinin  əməkdaşları tərəfindən həbs edilməsi və ya digər şəxslər tərəfindən oğurlanmasıyla bağlı hələ ki, məlumat əldə edilməyib.

Gülnaz Qənbərli

Gununsesi.info