
“Çoxları Mehman haqqında miflər yaradır…”
-Nə qədər təklif etmişdilər?
-İlkin başlamışdı 120 min dollar. Son təklif 300 min dollar idi. Mən hər zaman bunu təbəssümlə qarşılamışam. Bir nazir elə bilirdi ki, bizi rəqibi olan nazir ona qarşı öyrədir. Adamını göndərirdi ki, bu səhifəni bizə satın. Biz də deyirdik ki, bu səhifə yaradıcı məhsuldur. Bizə bu pullar lazım deyil. Xüsusən də biz çalışmışıq ki, bir adamın üstünə yox, bütün məmurların üzərinə gedək. Bu məsələdə Mehmanın bir səhvi var ki, bəzən yersiz ifadələrə yol verir, özünü bu sözlərlə ucuzlaşdırır. İctimai fikrə yaraşmayan söyüş tərkibli sözlər işlədir. Amma cavandır, mən inanıram ki, yaşlandıqca bu üslubdan əl çəkəcək. Çünki səhifənin 300 min izləyicisindən ola bilər ki, 100 mini bu söyüşləri bəyənsin, amma qalan 200 mini bəyənməsin. Kiçik kəsimin gözündə qəhrəman ola bilərsən, amma qalanları sənin haqqında “ağzının danışığını bilmir” deyəcək. Biz heç kimin alətinə çevrilməmişik, bundan sonra da belə şey olmayacaq.
Mehmana demişəm ki, elə mövzular var, ora başını soxma. Orda səni heç kim və heç nə xilas edə bilməz. Azərbaycan reallıqlarını bilirsiz. Bu gün ən müstəqil KİV-lər də var ki, bəzi mövzularda dərinə getmirlər. Azərbaycanda sənə hələ dözürlərsə, sərhədləri nəzərə almalısan. Demişəm ki, həmin mövzulara girişsən, səni ən azı təcrid edib, həbsə atacaqlar. Həbs isə insana heç nə gətirmir. Bu gün bizim həbsdə kifayət qədər vicdanlı jurnalistimiz, hüquq müdafiəçimiz, siyasətçimiz var. Yaxşı olardı ki, onlar imkan daxilində azadlıqda olub, bir yerdə, çiyin-çiyinə mübarizə aparsınlar. Yoxsa elə hamı türmədə oturmaqla bir şey əmələ gəlmir. Çoxları miflər yaradır Mehman haqqında. Deyirlər ki, bunların arxasında hökumət dayanır.
“Niyə filankəsi tuturlar, amma Mehmanı yox?” deyib sual verirlər. Amma Mehman da birdən-birə ortaya çıxmayıb. O, insan haqları aktivi kimi, o təcrübəni zərrə-zərrə toplayıb. Biz təşkilat daxilində də çox məsləhətləşirik. Xüsusən də Rasim Əliyevin qətlindən sonra bütün uşaqlara deyirəm ki, biri var adamı həbs edib, bir neçə ildən sonra azadlığa çıxırsan. Mehmanın bəxti gətirib ki, bir komandada işləyib, nəyisə öyrənməyə çalışsın. Amma müəyyən məqamlar var ki, bir-birimizə arxayın olsaq da, özünü qorumalıdır. Nominal təhlükəsizlik qaydalarına əməl etməlidir. Tək gəzməməli, təxribat yaradacaq yerlərdə olmamalıdır. Heç kim heç nədən sığortalanmayıb. Amma Mehmana da onu deyirəm ki, 27 yaşın var, amma 4-5 ildən sonra gərək daha ciddi işlərlə məşğul olasan. 2016-cı ilin noyabrında Mehman RATİ-nin sədri seçilib. Tiflisdə təşkilatın yığıncağı keçirilib, iki günlük görüş oldu, hesabatlar verildi, təzə idarə heyəti seçildi. Bütün sənədləri, hətta tədbirin videoyazısını da Ədliyyə Nazirliyinə göndərmişik. Mən özüm də kənardan məsləhətçi kimi onlara kömək edirəm.
-Mehmanla bağlı son olayda sizi daha çox qınadılar. Sosial şəbəkəni izləmisizsə, kiçik qardaşınızı qorumamaqda ittiham olunduz. “Bir gün türmə yatmayıb, İsveçrəyə qaçdığı halda Mehmanı türmə, hətta ölüm təhlükəsi qabağında qoyub”, deyənlər də çox oldu. Bir böyük qardaş kimi Mehmanı lazımi məqamlarda dayandırmaq yerinə uzaqdan onu qızışdırdığınızı iddia edənlər də az deyildi… Doğrudanmı mənzərə bu iddialarda səsləndirildiyi kimidir?
– Mən insanların bu arqumentini başa düşürəm. Amma onlar başa düşmürlər ki, mən Azərbaycanı xoşluqla tərk etməmişəm. Əksinə, ölkəmə daha çox töhfə vermək üçün buradan getmişəm. Mən bu ölkədə daha çox qalsaydım, məcbur olub, indi gördüyüm işlərin heç 10 faizini görə bilməzdim. Amma mən hər zaman çalışmışam ki, səhhətim imkan verdiyi qədər potensialımı bu və ya digər şəkildə gerçəkləşdirim. Mən bura bir günün içində gəlməmişəm ki. 10 il boyunca mən də aktiv fəaliyyətdə olmuşam, öncə “Turan” informasiya agentliyində çalışmışam, sonra RATİ-də. 2015-ci ilə qədər Azərbaycanda olmuşam. Türmə həyatı görməmişəm. Kim istəyirsə, gedib türməni yaşayacaq. Amma mən türməyə girsəydim, ordan səhhətimə görə sağ-salamat çıxmayacaqdım. Bəlkə kiminsə səhhəti normaldır, gedib türmədə yatır, çıxandan sonra da qaldığı yerdən davam edir. Amma mənim əlilliyim var idi.
Gedib düşəcəkdim türməyə, içəridə bir polis nəsə sərt söz deyəcəkdi, cavab qaytaranda məni vuracaq, mən də o dünyaya gedəcəkdim. Axırda da adını qoyacaqdılar, bədbəxt hadisə, türmə qanunlarını pozma nəticəsində baş vermiş qəza və sair. Kimsə hesab edirsə ki, 10 ay səfirlikdə bir otaqda qalmaq can rahatlığıdır, mən o adama nə deyim? Yaxşı hekayədir, sizin də o vaxt müsahibədə dediyiniz kimi, film ssenarisinə bənzəyən hekayədir. Biz də Azərbaycanda, aksiyalarda əziyyət çəkmişik, xəsarət almışıq. Son ana qədər ölkəni tərk etməmişəm. Baxmayaraq ki, mənim ölkəni tərk etmək problemim yox idi, yoldaşım ABŞ vətəndaşıdır, 2008-ci ildən ABŞ-a köçüb bəy balası kimi yaşaya bilərdim. Mənim heç vaxt elə arzum olmayıb.
-Yeri gəlmişkən, Mehmana ölkəni tərk etməklə bağlı təklif vermisiz?
-Əlbəttə. Amma bu, Mehmanın öz seçimi idi. Mən Mehmana demişdim ki, əgər həyatına təhlükə varsa, ölkədən çıx. Mehman ən azından ciddi tibbi əməliyyata ehtiyacı var. Ayağında problem var, futboldan əmələ gəlib. O keçən il Azərbaycanda əməliyyat edirdilər, son anda əməliyyatdan çıxarıblar. Düzdür, indi onun ölkədən çıxması üçün heç bir sənədi yoxdur. Amma bizim ölkəmizdə də olub ki, jurnalistin həyatına təhlükə olanda onu humanitar koridorla çıxarıblar. Ya da Zaqatala-Balakəndə yolu yaxşı tanıyan bir kənd adamı deyə bilər ki, Azərbaycandan bir fədakar jurnalist var, onu sərhədçinin görmədiyi yerlə ölkə ərazisindən çıxarmaq olar. Ən azı keçib, sonra sərhədi pozmağa görə saxlanmaq və 500 manat cərimə ilə qurtulmaq mümkündür. (gülür) Mehman həmişə deyib ki, qanun çərçivəsində ölkədən gedib-gələ bilmək istəyirəm. Məsələn, qardaşım mən ölkədən getdiyim gündən məni görməyib…
Gununsesi.info