Mehriban Əliyevanın fəaliyyətinin mahiyyətində mərhəmət və ülvilik hissi dayanır

  • By admin
  • 14 Fevral 2023 10:41

Qardaş Türkiyədə minlərlə insanın həlak olması və yaralanması ilə nəticələnən zəlzələnin baş verməsi bütün Azərbaycan xalqını kədərləndirdi. Elə ona görə də hadisənin ilk saatlarından Azərbaycan dövləti kömək üçün dərhal tədbirlər görməyə başladı. Belə ki, Azərbaycan Prezidentinin göstərişi ilə insanları dağıntılar altından çıxaracaq, yaralılara tibbi xidmətlər göstərəcək heyət Türkiyəyə göndərildi.

Gununsesi.info xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

O qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fəlakətin baş verdiyi anlarda Türkiyə xalqına başsağlığı verərək, hadisədən kədərləndiyini bildirdi. Eyni zamanda, Mehriban xanımın çağırışı ilə qardaş ölkə üçün humanitar yardım aksiyaları başladı. Bu çağırışa reaksiya verən Azərbaycan xalqı yardım etmək üçün adətən səfərbər olmuşdu. Dünyanın harasında olmasından asılı olmayaraq hər zaman ehtiyacı olanlara kömək əlini uzadan Heydər Əliyev Fondu da Mehriban xanımın tapşırığı ilə qardaş ölkəyə müxtəlif təyinatlı humanitar yardımlar apardı.

Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşdü. Onun Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə Prezident İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkür etməsi bu fəaliyyətin önəminin göstəricisidir.

“Mehriban xanımın çağırışı ilə qardaş ölkəyə yardımların edilməsi iki ölkə arasında olan münasibəti daha da gücləndirəcək və dövlətlərlə yanaşı xalqların da biri-birinə olan güvənini daha da artıracaq. Həmçinin Birinci vitse-prezidentin yardım aksiyası üçün çağırışı iki qardaş ölkə münasibətlərində olan həmrəyliyi, birliyi də təcəssüm etdirmiş oldu.

Mehriban Əliyevanın Türkiyədə faciə bölgəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş əməkdaşlara, insanlara tibbi yardım göstərən səhiyyə işçilərinə, diplomatik xidmət nümayəndələrinə, KİV işçilərinə təşəkkür etməsi, vətəndaşlarımızın, ölkəmizdə fəaliyyət göstərən müəssisələrin etdiyi yardımların və ümumiyyətlə, bu sahədə əməyi, zəhməti, xidməti olan hər kəsin fəaliyyətini yüksək qiymətləndirməsi ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım Azərbaycan xalqına verilən yüksək dəyərdir. Mehriban Əliyeva bir azərbaycanlı kimi əmin idi ki, humanist, yardıma ehtiyacı olana kömək əlini uzatmağa hər zaman hazır olan Azərbaycan xalqı bu çağırışa səs verərək qardaşını darda qoymayacaq”, – deyə Yalçın Hacızadə vurğulayıb.

O əlavə edib ki, Mehriban xanımın fəaliyyətinin mahiyyətində mərhəmət və ülvilik hissi dayanır. Rəhbərlik etdiyi Heydər Əliyev Fondu həm ölkə daxilində, həm də xaricində irimiqyaslı, möhtəşəm layihələr həyata keçirib. Mehriban Əliyevanın rəhbərliyi ilə Fond görülən işlərin həcminə görə regionda ən böyük ictimai təşkilata çevrilib. Mehriban xanımın dediyi kimi, həqiqi mərhəmət real işlərin görülməsini, real məsələlərin həllini, konkret addımların atılmasını tələb edir.

Azərbaycan xalqı Mehriban Əliyevanın çağırışına dəstək verməklə, Türkiyəyə olan sevgisini göstərməklə yanaşı, ona olan inamını və hörmətini də bir daha bildirmiş oldu.

Gununsesi.info