Marşal Fondunun Azərbaycan üzrə keçmiş təmsilçisi Mehriban Rəhimlinin şəxsi hesablarına həbs qoyulub.
Gununsesi.info xəbər verir ki, bu barədə o, şəxsi Facebook hesabında məlumat yayıb.
Mehriban Rəhimli qeyd edib ki, hesabına həbs qoyulması “Kanal 13″ün rəhbəri Əziz Orucova qarşı açılan cinayət işi çərçivəsində olub.
“Mənim bu işə yaxından-uzaqdan nə aidiyyatım var? Başa düşmürəm. 2018-dən bura media proqramlarımız da yoxdur ki, deyim bəlkə təmsilçisi olduğum GMF-in mümkün dəstəyinə görədir. Lap dəstəyi olsaydı belə, bunun mənim şəxsi hesablarıma nə aidiyyatı var?!”, – deyə o bildirib.
M.Rəhimli bildirib ki, onun hökümətə yaxın dostlarının ehtimalına görə qərar siyasi deyil. “Son illər qayəm ancaq o olub ki, şəffaflıq və qanun naminə ölkənin vətəndaş cəmiyyətinə xaricdən dəstək tam leqal xarakter daşısın, maliyyə Azərbaycandakı tərəf müqabillərimizin bank hesablarına gəlsin, onlar vergi ödəyicisi olsunlar, sosiyal ayrımları vaxtında etsinlər ki, gələcəkdə pensiyaları olsun və sairə”, – deyə o yazıb.
Gununsesi.info