
“Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi hər birimizin ürəyincə oldu və hamımızı sevindirdi. Çünki Azərbaycan naminə öz yorulmaz fəaliyyəti ilə böyük nailiyyətlərə, uğurlara imza atan, hər birimizin sevimlisinə çevrilən Mehriban xanım bu vəzifəyə, bu posta ən layiqli namizəd idi”.
Bunu Gununsesi.info-ya açıqlamasında tanınmış müğənni, Xalq artisti Gülyaz Məmmədova deyib.
Bu təyinat münasibətilə öz adından, eləcə də, sənət adamları, musiqisevərlər addından M. Əliyevanı təbrik edən, ona fəaliyyətində növbəti uğurlar arzulayan tanınmış sənətçi bildirib ki, birinci vitse-prezident bu vəzifəsinin və yeni işinin də öhdəsindən layiqincə, uğurla gələ biləcək.
“Buna da heç kim şübhə edə bilməz. Mehriban xanım indiyə kimi, hansı işi, hansı fəaliyyəti üzərinə götürübsə, onun da öhdəsindən tam müvəffəqiyyətlə gələ bilib. O, yorulmaz fəaliyyəti boyunca bütün işlərində, vəzifələrində yalnız və yalnız uğurlar qazanıb. Bu dəfə də belə olacaq.
Yeri gəlmişkən, Azərbaycan mədəniyyətinin inkişafında, Azərbaycan muğamının yaşadılması və dünyaya çatdırılmasında da Mehriban xanımın və onun rəhbəri olduğu Heydər Əliyev Fondunun xidmətləri misilsizdir, müstəsnadır. Məhz Mehriban xanımın, eləcə də, ölkə Prezidentinin diqqət və qayğısı, dəstəyi sayəsində Azərbaycan muğamı “ikinci nəfəs”ini yaşamaqdadır.
Mehriban xanım həm də Azərbyacan sənətçilərinə, yaradıcı insanlara hər zaman diqqət və qayğısı ilə seçilir, bu məsələdə bir nümunə, örnəkdir. Bu baxımdan, onun bu yüksək dövləti vəzifəyə təyin olunması bütün Azərbaycan xalqı kimi, biz sənət, mədəniyyət adamlarını da ürəkdən sevindirir və növbəti uğurlara ruhlandırır. Ona yeni işində, yeni fəaliyyətində də daim uğurlar arzulayırıq”-deyə, G. Məmmədova daha sonra sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info