
BMT Qarabağa gedən nümayəndə heyətinin bölgədəki erməni mülki əhaliyə qarşı zorakılığa dair heç bir sübut tapmadığını və bölgədəki mülki infrastrukturun hədəfə alınmadığını bildirib.
Gununsesi.info xəbər verir ki, BMT-nin sözçüsü Stefan Düjarrik Azərbaycan hökumətinin dəvəti ilə həftəsonu BMT nümayəndə heyətinin Qarabağ bölgəsinə səfəri barədə məlumat verib.
Nümayəndə heyətinin regionda humanitar ehtiyacları müəyyən etməyə çalışdığını bildirən Düjarrik qeyd edib ki, nümayəndə heyətinin tərkibinə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Uşaq Fondu (UNİCEF), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) və BMT-nin nümayəndələri daxildir.
Nümayəndə heyətinin Laçın və Xankəndi şəhərindəki sərhəd-keçid məntəqəsinə baxış keçirdiklərini bildirən Dujarrik, “Nümayəndə heyəti erməni mülki şəxslərə qarşı zorakılıq faktı aşkar etmədiklərini və bölgədəki mülki infrastrukturların hədəfə alınmadığını bildirdi” deyib.
Xəstəxanaların, məktəblərin, evlərin, dini və mədəniyyət mərkəzlərinin hədəfə alınmadığını və Azərbaycan hökumətinin yenidən səhiyyə xidmətlərinin fasiləsiz təmin edilməsi üçün səylərə başladığını bildirən Düjarrik kənd təsərrüfatı sahələrinə və heyvanlara zərər verilmədiyinin müşahidə edildiyini qeyd edib.
Düjarrik bildirib ki, nümayəndə heyəti regiondakı erməni icmasının nümayəndələri ilə də görüşüb.
Bölgədə etimadın bərpasının vacibliyini vurğulayan Düjarrik bunun üçün bütün tərəflərin səy göstərməli olduğunu vurğulayıb.
Xatırladaq ki, bir neçə gün öncə məşhur amerikalı Hollivud ulduzu Mel Gibson Azərbaycanla bağlı qalmaqallı açıqlamalar verib.
Qarabağda keçirilən antiterror əməliyyatını “soyqırım” adlandıran aktyor “Erməni xalqı növbəti dəfə etnik təmizləməyə məruz qalıb. Bir çox erməni Azərbaycan və Türkiyənin əli ilə təsvir olunmaz dəhşətlər yaşayır” deyib.
Gibson dünyanı Qarabağ üçün “təcili addımlar atmağa” çağırıb.
BMT nümayəndə heyətinin Azərbaycanın Qarabağ bölgəsinə səfərindən sonra verilən açıqlama Mel Gipsonun yersiz iftiralarını darmadağın edib.
Səid Əhmədli
Gununsesi.info