Memarlar İttifaqından təkzib: "Yerləşdiyimiz binanın sökülməsi barədə məlumatlar həqiqətə uyğun deyil"

  • By admin
  • 03 Avqust 2016 15:31

121167583

 

“Son günlər sosial şəbəkələrdə Murtuza Muxtarov küçəsi 24 ünvanında yerləşən, 1899-ci ildə Polyak əsilli şamaxılı memar Yevgeni Skibinski tərəfindən inşa edilən, mesenat, milyonçu Ağabala Quliyevin evi kimi tanınan, zəngin tarixə malik bir binanın sökülməsi barədə yazılara rast gəlirəm. Məlumatı dəqiqləşdirmək üçün bu gün həmin binaya getdim və memarlıq incisini öz gözlərimlə gördüm. Hazırda Memarlar İttifaqının yerləşdiyi binada olan əməkdaşlar yayılan məlumatların həqiqətə uyğun olmadığını qeyd edib, bu barədə rəsmi səhifələrində bəyanat yaydıqlarını diqqətimə çatdırdılar”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov öz “Facebook” səhifəsində paylaşdığı statusunda yazıb.

“Bəyanatı olduğu kimi yaymaqla bərabər bir daha hamınızdan xahiş edirəm, sosial şəbəkələrdə yoxlanılmamış məlumatları yaymayın. Belə davam edəcəyi təqdirdə, bəzi mətbuat orqanları kimi, Sizin də sözünüz, səhifələriniz ciddiliyini itirəcək, insanlarda bu günə yeganə doğru məlumat mənbəyi kimi sosial şəbəkələrə olan inamı sarsılacaq”-deyə, A. İsmayılov sözlərinə əlavə edib. 

Azərbaycan Memarlar İttifaqının bəyanatında isə qeyd olunur ki, son günlərdə sosial şəbəkələrdə İttifaqın yerləşdiyi binanın sökülməsi barədə yalan məlumatlar yayılırvə bu bina Bakı sakinlərinə “Ağabala Quliyevin evi” kimi məlumdur.

“Layihənin müəllifi polşalı memar Yevgeni Yakovleviç Skibinskidir (Eugeniusz Skibiński, 1858–1928). “Dəyirmanlar kralı” Ağabala Quliyevin sifarişi ilə 1899-cu ildə tikilmiş cah-cəlallı mülkün interyerini məşhur rus rəssamı Durov tərtib edib. Ağabala Quliyevin evinin memarlığı Azərbaycan memarlığı tarixindəki şərq üslublu tikililər içərisində fərqlənməkdədir.

Binanın tarixi onun sahibinin həyat tarixçəsi ilə sıx bağlıdır. Ağabala Hacıqulu oğlu Quliyev kasıb ailədən idi, uşaqlığı şəhərin küçələrində və gəmi körpülərində anasının bişirdiyi qutabları satmaqla keçmişdi. Böyüdükdə isə un və taxılın alqı-satqısı ilə məşğul olmağa başladı. Bir neçə ildən sonra o, dəyirman tikməyə müvəffəq oldu.

Bakının indiki Puşkin və Nizami küçələrinin kəsişməsindəki dəyirman Ağabala Quliyevə məxsus idi. Birinci gildiya taciri, dənüyütmə və düyütəmizləmə zavodlarının sahibi Ağabala Quliyev həmçinin, Bakı-Batumi neft kəmərinin tikintisi üzrə cəmiyyət təsis etmişdi. O, dəfələrlə Bakı şəhər Dumasına qlasnı seçilmişdi. Həmin dövr Bakısının həyatında heç bir hadisə Ağabala Quliyevin maddi və mənəvi köməyi olmadan keçmirdi. Ölkədə xalq təsərrüfatının, dövlət tikintisinin müxtəlif sahələrində, sosial və mədəni tədbirlərin keçirilməsində onun xidmətləri böyük idi.

Azərbaycan Memarlar İttifaqı, bizim binanın taleyi ilə maraqlanan və narahat olan sakinlərə öz dərin minnətdarlığını bildirir və nəzərinizə çatdırır ki, binanın sökülməsi barədə məlumat həqiqətə uyğun deyil, belə ki, bina dövlət əhəmiyyətli abidələr siyahısındadır və onun bu siyahıdan çıxarılması barədə heç bir qərar yoxdur”-deyə, bəyanatda daha sonra qeyd olunur.

aslan-3

aslan-4

 

Kamil Həmzəoğlu

Gununsesi.info