Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.
Bu haqda Gununsesi.info-ya danışan yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bildirib ki, Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində ictimai nəqliyyatın, daxili parklanmanın, taksi fəaliyyətini və s. məsələlərin tənzimlənməsini həyata keçirirdi. Bu səbəbdən Agentliyin Bakı Meriyasına verilməsi başadüşüləndir:
“Ona görə də BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi anlaşılandı. Dövlətin əsas hədəfi odur ki, İcra Hakimiyyəti şəhərdə nəqliyyat infrastrukturunun fəaliyyətini gücləndirsin”.
Ekspert qeyd edib ki, BNA-nın bundan kənara çıxan bəzi səlahiyyətləri var idi:
“BNA-nın səlahiyyətində dayanma-durma qaydalarının pozulması görə, cərimə yazma, parklanma məsələlərinə nəzarət funksiyası və cərimə tətbiq etmə səlahiyyəti var. Bu səlahiyyətlər BNA-dan alınmalıdır. Bunlar Bakı Nəqliyyat Agentliyinə aid səlahiyyətlər deyil”.
Ə.Hüseynov vurğulayıb ki, ictimai nəqliyyatın, taksi fəaliyyətinin təşkili, idarə olunması, şəhər parklarının təşkili və idarə olunması, şəhərdə yol nəqliyyat infrastrukturunda bəzi məsələlərin, məsələn, yeni velosiped cığırlarının salınması, hərəkət şəraitinin yaxşılaşdırılması kimi məsələlərdə BNA-nın fəaliyyətini gücləndirmək lazımdır.
“Yəqin ki, bugünkü fəramın ardınca yeni fərman da olacaq”, – deyə sonda o qeyd edib.
Gununsesi.info