Məsələ yeni həbsxanalar tikməklə bitmir, alternativ cəzalara üstünlük verilməlidir - TANINMIŞ VƏKİL ƏDLİYYƏ NAZİRİNİN ÇIXIŞINI ŞƏRH EDİR

  • Müəllif: Firuzə
  • 08 Oktyabr 2026 10:18

Azərbaycanda penitensiar müəssisələrin sayının artırılması və mövcud infrastrukturun yenilənməsi yenidən gündəmə gəlib.

Ədliyyə naziri Fərid Əhmədov yerli mediaya açıqlamasında ölkənin müxtəlif bölgələrində yeni cəzaçəkmə müəssisələrinin yaradılmasının nəzərdə tutulduğunu bildirib.
Nazir Qaradağda 2 min məhkum üçün yeni müəssisənin tikintisinə başlanıldığını, Umbakıda 6-7 min məhkum üçün böyük penitensiar kompleksin yaradılmasının planlaşdırıldığını, Gəncədə də yeni müəssisənin inşasının nəzərdə tutulduğunu açıqlayıb.

Nazirin açıqlaması Azərbaycanda penitensiar sistemin mövcud vəziyyəti, həbsxanalardakı sıxlıq və məhbusların sayının yüksək olması ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.

Avropa Şurasının Həbsxana Əhalisinə dair hesabatları da Azərbaycanda məhbus sayının yüksək olduğunu göstərir. Təşkilatın SPACE hesabatına əsasən, Azərbaycan hər 100 min nəfərə düşən məhbus sayına görə Avropa ölkələri arasında ən yüksək göstəricilərdən birinə malikdir.

Məsələni Gununsesi.info-ya şərh edən vəkil Bəhruz Bayramov hesab edir ki, yeni penitensiar müəssisələrin tikintisi müsbət addım olsa da, bu məsələnin daha əvvəl həll edilməsi lazım idi.

Vəkilin sözlərinə görə, Azərbaycanda penitensiar müəssisələrin yenilənməsi və sayının artırılması məsələsi 15-20 il əvvəl həyata keçirilməli idi.

Bəhruz Bayramov bildirib ki, sonuncu Amnistiya Aktına baxmayaraq, həbsxanalarda sıxlıq problemi hələ də qalmaqdadır.

Onun sözlərinə görə, problemin səbəblərindən biri mövcud penitensiar müəssisələrin müasir tələblərə tam cavab verməməsidirsə, digər mühüm amil məhkəmələrin həbs qətimkan tədbirinə üstünlük verməsidir.

“Məhkəmələrin alternativ qətimkan tədbirlərinə kifayət qədər yer verməməsi beynəlxalq hesabatlarda, o cümlədən Avropa Şurasının hesabatlarında da qeyd olunur. Hesab edirəm ki, penitensiar müəssisələrin sayını artırmaqla yanaşı, alternativ cəzalar və alternativ qətimkan tədbirləri məsələsi də prioritet olmalıdır”.

Bəhruz Bayramov nazirin açıqlamasını ümumilikdə müsbət qiymətləndirib və qərarın gecikmiş olsa da, alqışlanmalı olduğunu bildirib.

Vəkil xüsusilə Gəncə regionunda penitensiar infrastrukturla bağlı vəziyyətə diqqət çəkib:

“Gəncə böyük bir regiondur. Həmin bölgədə faktiki olaraq yalnız bir həbsxana var. Bu müəssisə çar Rusiyası dövründən qalan köhnə tikilidir. Bildiyim qədər, əvvəllər at tövləsi olub. Bu gün isə Şəmkir istiqamətində böyük bir penitensiar kompleks tikilib və onu başa çatdırmaq lazımdır”.

Vəkilin sözlərinə görə, həmin kompleksin tikintisinə dövlət tərəfindən milyonlarla vəsait xərclənib və onun uzun müddət yarımçıq qalması yolverilməzdir.

“Artıq həmin müəssisəyə gedən yolun asfalt örtüyündə belə ot bitib. Bu istiqamətdə gedənlər bunun şahidi ola bilərlər. Ona görə də həmin kompleksin başa çatdırılması vacibdir”, – deyə Bəhruz Bayramov qeyd edib.

Vəkil hesab edir ki, yeni müəssisələrin tikintisi ilə yanaşı, həbsə alternativ mexanizmlərin genişləndirilməsi, məhkəmələr tərəfindən alternativ qətimkan tədbirlərindən daha çox istifadə olunması və penitensiar sistemin bütövlükdə müasir standartlara uyğunlaşdırılması istiqamətində də kompleks tədbirlər görülməlidir.

Firuzə Mahmudova
Gununsesi.info