Paytaxtda ictimai nəqliyyatın idarə edilməsində yeni mərhələ başlayıb.
Prezidentin fərmanı ilə “BakuBus” və Bakı taksi xidməti Bakı Metropoliteninin tərkibində birləşdirilib.
Gununsesi.info bildirir ki, bu birləşmənin ümumilikdə hansı zərurətdən yarandığı və sıravi sərnişin üçün onun əhəmiyyəti barədə sualları Bakı Metropoliteninin Qapalı Səhmdar Cəmiyyətinin sədri Vüsal Aslanov “Trend”ə və ATV-yə verdiyi müsahibəsində belə cavablandırıb:
“Bu qərar Bakıda, eləcə də ölkəmizin digər şəhərlərində ictimai nəqliyyatın yeni mərhələyə keçməsinin əsasını qoyan strateji bir addımdır. Artıq dünyada nəqliyyat ayrı-ayrı sahələr kimi deyil, şəhər üzrə vahid bir bütöv sistem kimi qəbul olunur. Dünyanın aparıcı şəhərlərində tətbiq edilən bu yanaşma sərnişinlərə daha rahat, daha uyğunlaşdırılmış və daha əlaqələndirilmiş xidmət göstərilməsini hədəfləyir.
Sərnişinlər bu sistemdən nə əldə edəcəklər? Artıq metro, avtobus və tramvay ayrı-ayrı nəqliyyat növləri kimi deyil, bir-birini tamamlayan vahid şəbəkənin tərkib hissələri kimi fəaliyyət göstərəcək. Bunun nəticəsində sərnişinlər səfərlərini planlaşdırarkən vahid və əlaqələndirilmiş məlumat əldə edəcəklər. Həmçinin rəqəmli həllər vasitəsilə daha dəqiq və sistemli məlumatlandırma imkanı yaranacaq”.
O qeyd edib ki, bu yanaşma əməli baxımdan da mühüm əhəmiyyət daşıyır:
“Nəqliyyat növlərinin əlaqələndirilmiş şəkildə təşkil olunması şəhərdə sərnişin axınının düzgün idarə edilməsinə və sərnişinlərin daha balanslı hərəkətinə imkan verəcək. Burada əsas məqamlardan biri də rəqəmli həllərdir. Nəqliyyat növlərindən daxil olan məlumatların vahid mərkəzdə toplanması, təhlil edilməsi və bunun əsasında verilən qərarlar sərnişin sıxlığının idarə olunması üçün yeni imkanlar yaradacaq.
Dünyanın bir çox şəhərində bu sistem artıq tətbiq olunur. Buna London, Berlin, Paris, Honkonq və Sinqapur nümunə göstərilə bilər”.
Şəbnəm











