“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının Əməmliyyat Komitəsi və “Microsoft” korporasiyası arasında tərəfdaşlığa dair saziş imzalanıb.
Gununsesi.info-nun xəbərinə görə, sənədi “Bakı 2017” Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov və “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov imzalayıblar. “Microsoft” sözügedən yarışların rəsmi dəstəkçisi kimi “Bakı 2017 Skype Zonası” təşəbbüsünü həyata keçirmək məqsədilə texniki proqram təminatı, avadanlıq və brendinqin təminatına cavabdeh olacaq.
Bu maraqlı və yenilikçi təşəbbüs İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 57 üzv ölkəsindən olan medal qazanmış idmançıların öz uğurlarını dostları və ailələri ilə video-əlaqə yaradaraq qeyd etmələrinə imkan verəcək. “Bakı 2017 Skype Zonası” idmançıların hər bir reaksiyasını üç kamera ilə qeydə alaraq tamaşaçılara Oyunların ən maraqlı həyat hekayələrini yaxından izləmək imkanı yaradacaq.
Söhbətlər veb-kamera, eləcə də ləptop ekranının və idmançının kürəyinin arxasındakı kameralar vasitəsilə lentə alınacaq. Əvvəlcə 10 dəqiqə sürən videolar 90 saniyəlik kliplər şəklində montaj olunacaq və “Bakı 2017”nin sosial media kanalları (Facebook.com/baku2017; Twitter.com/Baku2017isg; Youtube.com/Baku2017) vasitəsilə onlayn rejimdə yayımlanacaq.
“Bakı 2017” Əməliyyat Komitəsinin direktoru, Atletlər kəndinin meri və könüllülərin səfiri Elçin Səfərov “Microsoft” şirkəti ilə tərəfdaşlığı şərh edərək bildirib: “Biz “Microsoft” kimi bütün dünyada tanınmış brendin “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi sırasında görməkdən məmnunuq. “Bakı 2017 Skype Zonası” yeni üfüqlər açır və azarkeşlərə qazandıqları uğurun sevincini yaşayan və uğurlarını dostları və ailələri ilə birlikdə qeyd edən idmançıların hisslərini paylaşmaq kimi gözəl imkan yaradır”.
“Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov əlavə edib: “İqtisadiyyatın qeyri-neft sektorunun, o cümlədən informasiya-kommunikasiyaları texnologiyalarının inkişafı Azərbaycan üçün prioritet sahələrdən biridir, milli iqtisadiyyatın modernləşdirilməsində informasiya texnologiyalarından istifadə isə böyük əhəmiyyət kəsb edir. “Microsoft” korporasiyası İslam Həmrəylik Oyunları kimi möhtəşəm idman tədbirinə dəstək göstərməkdən və sözügedən yarışların tərəfdaşı qismində çıxış etməkdən qürur duyur. Gələcəkdə də innovativ texnoloji yanaşmalarımızla dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə dəstək olmaq niyyətindəyik”.
Gülnaz Qənbərli
Gununsesi.info