Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində zərər çəkmiş yaşayış məntəqələri üçün yeni məhəllə tikintisinə dəstək verib.
Gununsesi.info-nun məlumatına görə, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov Agentliyinin fəaliyyətə başlamasının 8-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, Türkiyə hökumətinin dəstəyi ilə layihə ərazisi “Azərbaycan Məhəlləsi” adlandırılıb: “Bu layihədə sakinlərin rahatlığının təmin edilməsi məqsədilə yaşayış binalarından əlavə ibtidai məktəbin, uşaq bağçasının və mədəniyyət mərkəzinin tikintisi nəzərdə tutulub”.
S. Sadıqov qeyd edib ki, hazırda 20 sinif otağından ibarət 1 ibtidai məktəbin, 3 sinif otağından ibarət 1 uşaq bağçasının və 16 yaşayış binasının tikinti işləri davam etdirilir: “Digər tikinti obyektlərin inşasına qısa zaman ərzində başlanılacaq”.
2023-cü ilin sentyabrın 25-də Naxçıvan şəhərində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nə əsasən, Azərbaycan Kahramanmaraşda 320 hektar ərazidə 1 000 ev və 799 iş yeri inşa etməkdədir.
Xatırladaq ki, ötən il fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Zəlzələ nəticəsində 50 500 nəfər ölüb.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Gununsesi.info